“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Aug 19, 2024 - 12:53
 0
“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Əlibala söz verib ki, deputat olan kimi bütün borclarını qaytaracaq

35 ildir dalbadal Qubadan deputat seçilən Vahid Əhmədovun son illərdə davamlı şəkildə etdiyi “siyasi səhvləri” budəfəki növbədənkənar seçkilərdən kənarda qalmasına gətirib çıxardı. YAP da həmin bitərəf namizədin yerinə “bitərəf şəxs” axtarmaqdansa, özlərinə yaxın birini tapıblar. Bu tapıntı da təsadüfi olmayıb. Ən azından əslən qubalıdır, Vahid Əhmədovdan geri qalmır, iqtisadçıdır. Üstəlik, elmi dərəcə və digər peşə bacarıqları da var. Söhbət iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı (?????) Əlibala Səttar oğlu Məhərrəmzadədən gedir. AzToday.az xəbər verir ki, “Çovdar çörəyi!”, “Kənar adamın söylədikləri” kitablarının müəllifi olan Ə.Məmmədzadənin peşəsi çox olsa da, həm də biznesmendir. Özü də indiki deputatlardan fərqli olaraq biznesini gizlətmir, hamı bilir ki, Qubada sanatoriya sahibidir. 

Lakin Qubanın yeni deputatı olmağa namizədin ən maraqlı və gülünc fəaliyyəti də “motivasiya spikeri” peşəsi ilə bağlıdır. Belə ki, Əlibala özünə məxsus olan “Youtube” kanalında rus dilində “Ev tapşırığı” silsilə dərsləri ilə “Uğur düsturu”nu təqdim edir. Məsələn, “Ev tapşırığı”nın 13-cü hissəsində “Məhəbbət düsturu” haqqında danışır, özü də rus dilində məhəbbətin nə olduğunu, necə cinsi əlaqə və uğurlu ailə qurmağın yollarını öyrədir (https://www.youtube.com/watch?app=desktop&v=5KSEr4rKwic). Buna “öyrədir” də demək olmaz. Çünki 1 il yarımdır paylaşdığı 13-cü “Ev tapşırığı”na cəmi 34 nəfər baxıb, şərh yazan da yoxdur...
Bax, elə bizim Milli Məclisdə onun kimi, mütəxəssislər çatışmırdı. Düşsün parlamentə Elza Seyidcahanla birlikdə qoca, cavan bütün deputatlara məhəbbətdən motivasiya versin...

Məlum olur ki, Əlibala yuxarıda qeyd edilən peşələri qazanmaq üçün əlindən gələni edib. Bəs deputat olmaq üçün nə edir? İndi onu araşdıraq. 

Qubadan gələn həyəcanlı xəbərlərə görə, Əlibala əsas rəqibi sıradan çıxdığı üçün fürsətdən istifadə edərək “seçkidə necə qalib gəlməyin düsturu”nu işləyib hazırlayıb. Əvvəlcə özünə “rəqib” hazırlayıb, yaxın qohumu Əliabbas Məhərrəmovu eyni dairədən namizəd kimi qeydiyyatdan keçirib. Digər namizədlərə qarşı isə təzyiq və hədə-qorxu gəlməyə başlayıb. “Qalib gəlmək düsturu”nun əsas hissəsi isə rayondakı biznes fəaliyyətindən əldə etdiyi üstünlüyü YAP-dan gələn dəstəklə çuğlaşdırmaq təşkil edir. 

Beləliklə, inzibati resursları da arxasına alan “Motivasiya spikeri”nin düstur əsasında qurduğu plan öz axarnda getdiyi bir dövrdə bizim media təmsilçiləri də dinc durmayıb, araşdırıblar ki, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadənin 10 milyon manata yaxın borcu var. 
Medianın yaydığı digər xəbərə görə, YAP İdarə Heyətinin 59 saylı Quba seçki dairəsindən namizəd kimi Əlibala Məhərrəmzadəni irəli sürməsini Quba YAP-çıları müsbət qarşılamırlar. Çünki Ə.Məhərrəmzadə əslən Qubadan olsa da, YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Ə.Məhərrəmzadənin isə bu cür xəbərlər heç vecinə də deyil.

Belə ki, 59 saylı Quba seçki dairəsindən namizəd Əlibala Məhərrəmzadə 10 milyonluq borcu ilə bağlı xəbərləri 20 gündən sonra təkzib edib. Çox güman ki, Əlibala YAP-ın verdiyi “ev tapşırığı”nı Qubada yerinə yetirməyə və daha sonra Milli Məclisə düşəndə digər həmkarlarından “ac-yalavac” parlamentə gəlib “deputat ola-ola milyonlara necə sahib olmağın düsturu”nu öyrənərək (Azərbaycan dilini bilməsə də) pul qazanmağa və bütün borclarını qaytarmağa söz verib.

Verilən sözlər və planlar öz axarı ilə getsə, Milli Məclis “Motivasiya spikeri”,  YAP isə növbəti biznesmen-deputat qazanacaq...

Orxan Məmmədli

AzToday.az

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow