Siyasət

AŞPA: Azərbaycanın ‘sistematik’ siyasi məhbus problemi var

Avropa Şurasının Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi belə bir qənaətə gəlib ki, Azərbaycanda bir sıra şəxslər assambleyanın təsnifatına uyğun olaraq “siyasi məhbusdurlar”. Bu qənaət Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) gəldiyi faktiki nəticələrə söykənir. Bu haqda Avropa Şurası dekabrın 10-da məlumat yayıb.

AİHM məhkəmə sistemindən siyasi motivlə istifadə kimi “narahatedici nümunə”nin olduğunu, məhkəmə qarşısında baxılmalı xeyli sayda oxşar işlərin mövcudluğunu vurğulayır. Bu səbəbdən komitə bildirir ki, “Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası öhdəliklərini yerinə yetirməsi üçün fundamental islahatlar aparmalıdır”.

AŞPA məruzəçisi səfərini yekunlaşdırıb

Komitə Azərbaycan hakimiyyətinin son illər penitensiar, məhkəmə, ədliyyə sistemlərində islahatlar yönündə atdığı addımları alqışlayır, ancaq “indiyədək görülən tədbirlərin Avropa İnsan Hüquqları Məhkəməsinin spesifik tələblərini yerinə yetirməkdən ötrü kifayət edəcəyinə inanmır”.

Komitə təkliflər sırasında hakimiyyəti “narahatedici nümunə”nin mövcudluğunu tanımağa çağırır, bunun “məhkəmənin qərarlarının tam və səmələri həyata keçirilməsi üçün gərəkən ilkin şərt” olduğunu vurğulayır. Azərbaycan parlamenti məruzəçi ilə əməkdaşlığa, hökumətsə Nazirlər Komitəsi ilə tam əməkdaşlığa çağırılır.

Komitə özəlliklə İlqar Məmmədov, Anar Məmmədli və Rəsul Cəfərovun işinə diqqət verildiyini qeyd edir, onların qarşıdan gələn parlament seçkilərin namizəd kimi qatılmasını təmin etməyə çağırır.

Hakimiyyət nə deyir

Azərbaycan hakimiyyəti indiyədək ölkədə siyasi məhbus probleminin mövcudluğunu qəbul etməyib, fərdlərin törətdikləri cinayətlərə görə cəzalandırıldığını deyib. Konkret bu bəyanatla bağlı hakimiyyət mövqe açıqlamayıb. Ancaq AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sosial şəbəkədə yazıb ki, “çoxlu tənqidi məqamların olmasına baxmayaraq, Assambleyanın son illər ədliyyə sistemində islahatları alqışlamasından şadam”.

Vaxtilə yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları ReAL partiyasının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi Rəsul Cəfərov, Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini siyasi məhbus hesab edib, siyasi motivlərlə həbs olunduqlarını bildirib. Hakimiyyət isə bu tənqidləri rədd edib.

Noyabrın 25-də Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup siyasi məhbus sayılan şəxslərlə bağlı yenilənmiş növbəti siyahısını təqdim edib. Siyahıya 112 nəfərin adı daxil edilib. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısında yer alıb.

Bu il dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də isə Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-na təyin edilib.

Müxalif siyasi qüvvələrdən ReAL, Müsavat və bir sıra partiyalar növbədənkənar parlament seçkilərinə qatıldığını bəyan edib. Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) isə dekabrın 9-da parlament seçkilərini boykot haqqında qərar qəbul edib.

İbad Mənəfov

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button