Cəmiyyət

Vicdan nədir?

Vicdan – insan fitrətinin pozulmamış şəklidir. Quran nəyi əmr edir, nəyi qadağan edirsə, əmin olun ki, onların hər birinin vicdanda təsdiqçisi var…

İslam fitrət dinidir, yəni, insanın yaradılışını, daxili və xarici aləmini, bütün hisslərini və duyğularını əhatə edir. Bu bir həqiqətdir ki, insan vicdanən Uca Yaradıcıya inanmaq və Ona sığınmaq ehtiyacı hiss edir. Quran da bunu əmr etməkdədir. Məsələn, vicdan haqsız qazancdan narahat olur. Quran da haqsız qazancın hər növünü qadağan edir. Ancaq ən həssas tərəzi belə zaman keçdikcə həssaslığını itirdiyi kimi, vicdan da üst-üstə gələn günahlar qarşısında həssaslığını itirir. Əgər o vicdan sahibi iman yolu ilə Rəbbinə bağlanırsa, onda vicdan müəyyən mənada zəmanət altına alınmış olur.

Bir insanın dünya qazancı üçün başqalarını aldatması artıq onun vicdanının susdurulması deməkdir. Quranın “Vay halına çəkidə və ölçüdə aldadanların!” (83/1) xəbərdarlığı da insanın bu vəziyyətinə işarə edir. Sevimli Peyğəmbərimizin (s.ə.s.) ifadəsi ilə günah qəlbi narahat edən və başqalarının bilməsini istəmədiyi şeydir. İnsan fitrəti günahdan narahat olur. Ona görə də, yalan danışanda üzü qızarır, səsi titrəyir. Ancaq yalanı, riyanı gündəlik həyatında vərdişə çevirmiş bir insan üçün bu dediklərimiz etibarlı deyil. Çünki bu vəziyyətə düşmüş bir insanın vicdanı artıq əks-reaksiya göstərə bilmir.

Vicdanın bu vəziyyəti bir az da günəbaxana bənzəyir: günəbaxan səhərdən axşama qədər günəşlə birgə dolanır, üzünü ondan ayırmır, ancaq elə ki, tumları doldu, yükü ağırlaşdı, başını aşağı əyir. Vicdanın ilk vəziyyəti bir saç telini çəkən zərgər tərəzisi kimi həssas olduğu halda, günahlar altında qalıb əzilmiş vəziyyəti ağırtonnajlı maşınları çəkən (həm də dəqiq deyil, təxmini çəkən) tərəziyə bənzəyir. Qurani-Kərim: “Kim bir yaxşılıq etsə, öz lehinədir, kim də bir pislik etsə, öz əleyhinədir” (41/46) buyurur. Əgər sən birinə yaxşılıq edirsənsə, içini fərəh hissi doldurur, yox əgər kiminsə haqqını tapdalayırsansa, vicdanından qurtula bilmirsən. Yəni, yuxarıdakı ayə burada da öz təsdiqini tapmış olur. Bir sözlə, ilk cəzanı da, ilk mükafatı da insan öz vicdanından görmüş olur. Böyük bir alimin təbirincə, vicdan – qeyb aləmi ilə şəhadət aləminin qovuşma nöqtəsidir. Bu iki aləmin qovuşma nöqtəsi isə vicdanın məkanı, ya da hakim olduğu ünvandır.

İnsanın hissiyyatı zahiri (xarici) və batini (daxili) olmaqla iki yerə ayrılır. Görmə, eşitmə, iybilmə, dadbilmə və s. kimi hisslərimiz bizim zahiri aləmlə tanışlığımızı təmin etdiyi kimi, ağıl, xəyal, fəhm, hafizə və s. kimi hisslərimiz də batini güclərdir və ruhumuz üçün “məlumat” mənbəyidir. Ruhun bu batini güclərlə həqiqəti dərk etməsinə isə vicdan deyilir. Yəni, insan heç əziyyət çəkmədən, öz vicdanının səsi ilə Allah qarşısında nə qədər zəif və aciz olduğunu bilir. Bilir ki, “mənim” dediyi şeylərin heç biri, heç əzaları belə onun deyil, Allahındır. Elə bu “məlumatla” da Rəbbinə yönəlir, bütün ehtiyaclarını Ondan diləyir.

Murad Məmmədov

yeniavaz.com

Bənzər yazılar

Back to top button