Siyasət

Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına keçirməkdən imtina edib

Aprelin 2-də Bakının Nərimanov Rayon Məhkəməsi Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirini ev dustaqlığı tədbiri ilə əvəzlənməsi ilə bağlı vəsatətini təmin etməyib.

“Tofiq bəyin istintaqdan yayınmaq, kiməsə təsir etmək niyyəti yoxdur. İstintaq orqanı isə hesab edir ki, ekspertiza rəylərinə cavab olmadığına görə Tofiq bəy ev dustaqlığına buraxılmalı deyil. Məhkəmə vəsatətimizi təmin etmədi”. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, artıq 3 ay yarımdan çoxdur ki, Yaqublu həbsdə saxlanılır və bütün bu müddət ərzində heç bir istintaq hərəkəti getmir. Belə olan halda Tofiq Yaqublu həbsdə qalmamalıdır.

Kərimli əlavə edib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

* Tofiq Yaqublu ötən il dekabrın 14-də “dələduzluq”, “sənədlərin saxtalaşdırılması” və “saxta sənədlərdən istifadə” ittihamlarıyla şübhəli şəxs qismində saxlanılıb. Dekabrın 15-də onun barəsində həbs qətimkan tədbiri seçilib.

Siyasətçi əvvəllər də dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkiatlar onu vicdan məhbusu kimi tanıyıblar.

Bənzər yazılar

Back to top button