Dünya

Ukraynaya məxsus pilotsuz uçuş aparatı cəbhə xəttindən 1300 km aralıda Rusiyanın böyük neft emalı zavoduna zərbə endirib

Reuters: Çərşənbə axşamı Ukrayna cəbhə xəttindən 1300 km (800 mil) məsafədə Rusiyanın ən böyük neft emalı zavodlarından birinə pilotsuz uçuş aparatı ilə zərbə endirib və Ukraynanın məlumatına görə, hərbi hədəfə ciddi ziyan vurub.

Ukraynanın pilotsuz uçuş aparatları bu gün səhər tezdən Moskvanın cənub-şərqində güclü sənayeləşmiş region olan Tatarıstandakı hədəflərə hücum edib, nəticədə bir neçə nəfər yaralanıb, Tatarıstan rəhbəri Rüstəm Minnixanov bildirib.

Rusiyanın radioelektron mübarizə vasitələri Nijnekamskda Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan “Tatneft”in yaxınlığında Ukraynaya məxsus pilotsuz uçuş aparatını zərərsizləşdirə bilib, deyə RİA Novosti dövlət xəbər agentliyi xəbər verib.

RİA Novosti xəbər verir ki, neft emalı zavodunda yanğın baş verib, yanğın 20 dəqiqə ərzində söndürülüb.

İstehsal prosesində fasilə yaranmayıb, deyə RİA Novosti bildirir.

Hadisə yerindən çəkilmiş fotolarda dronun “Taneko” neft emalı zavodunda CDU-7 ilkin neft emalı qurğusuna dəydiyi görünür.

Bu, Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya ərazisinə ən irimiqyaslı hücumlarından biri idi.

“Taneko” Rusiyanın ən böyük və ən yeni neft emalı zavodlarından biridir. Onun istehsal gücü sutkada təxminən 360 min bareldir.

Tatarıstan prezidenti Minnixanov Yelabuqa və Nijnekamskdakı müəssisələrin hücuma məruz qaldıqlarını bildirib.

İki pilotsuz uçuş aparatı “Alabuqa” Xüsusi İqtisadi Zonanın ərazisindəki yataqxanaya hücum edib.

Rusiya mətbuatının məlumatına görə, azı 7 nəfər yaralanıb.

“Ciddi dağıntı yoxdur, müəssisələrin texnoloji prosesi pozulmayıb”, – Rüstəm Minnixanov bildirib.

Sosial şəbəkələrdə yayılan yoxlanılmamış görüntülərdə güclü partlayışdan sonra insanların sığınacağa qaçdığı görünür.

Keçən il “The Washington Post” qəzeti Rusiyanın “Alabuqa” Xüsusi İqtisadi Zonada yerləşən zavodda dronların kütləvi istehsalına başladığını yazmışdı.

Ukrayna kəşfiyyatının Kiyevdəki mənbəsi Reuters agentliyinə bildirib ki, Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Tatarıstandakı hərbi obyektə “əhəmiyyətli ziyan” vurulub.(Turan)

Bənzər yazılar

Back to top button