Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib

Sep 20, 2024 - 15:58
 0
Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib

“Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxs əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə 10.07.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.371.549,17  manat məbləğində satınaılma müqaviləsi bağladığını 18.09.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edib.

Sözügedən Mərkəz bundan 12 gün əvvəl, yəni 06.09.2024-cü ildə “ZN TRADE” MMC ilə protez üçün kişi və qadın ayaqqabılarının alınması üzrə 144.620,8 manat, əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə isə 10.656.311,2 manat məbləğində satınaılma müqavilələri bağladığı barədə satınalmalarının internet portalına məlumatlar yerləşdirib.

Göründüyü kimi “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”  12 gün ərzində “ZN TRADE” MMC  ilə ümumi dəyəri 23 172 480 manat olan üç satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, bunlar “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”  ilə “ZN TRADE” MMC arasında bağlanan ilk müqavilələr deyil. Bunlara keçməzdən əvvəl MMC-nin qısa tarixini diqqətinizə çatdırmaq istərdik.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “ZN TRADE” (VÖEN 2007592551) Məhdud Məsuliyyətli Cəmiyyəti 09.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının   BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, OKSİGEN, ev 3/8, qanuni təmsilçisinin isə Kərimov Nüsrəddin Yolçu oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC 09.09.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC  dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nin keçirdiyi qapalı (otaqda) və açıq məkanlarda istifadə üçün mexaniki təkərli və mühərrikli təkərli oturacaqların satınalması üzrə 3.758.808,58 dəyəri olan tenderin qalibi olub. Sonra isə, daha dəqiqi 09.03.2023-cü ildə MMC “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nə 214.417,87 manat məbləğində təsərrüfat və dəftərxana malları alıb.

Onu da qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alından sonra ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi saatınalmaların qalibi olub. Bura Nazirliyin “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti kimi qurumları daxıldır. “ZN TRADE” MMC-dən bu qurumlardan biri yubiley mərasimlərində təbrik və xatirə məqsədilə verilməsi nəzərdə tutulan hədiyyələr, biri  video və qrafik çarxların çəkilməsi işləri, bir çoxu təsərrüfat və dəftərxana malları, biri çiçəkçilik və ağacəkmə malları, biri də su nasosu alıb.

Qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alındıqdan sonra, 09.09.2022-ci ildən 18.09.2024-cü ilə qədər, yəni son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi 21 dövlət satınalmasının qalibi olub və ümumi olaraq  36 923 835 milyon manat dəyəri olan sifariş alıb.

Amma son iki il ərzində dövlətdən 37 milyon manat civarında tender udan bir MMC-nin nəinki bir rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. MMC-nin ofisi, əlaqə telefonu ətrafında araşdırma səylərimiz də boş çıxdı.

Buradan da suallar yaranır. Barəsində heç bir məlumat olmayan bu MMC-yə bu şəraiti kimlər yaradır? Təbii ki, bunu ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarmaq lazımdı. Çünki MMC ancaq bu qurumun sifarişlərini həyata keçirir. Bəs bu qurum mediada gedən  bu qədər yazılara rəğmən çıxıb bir dəfə də olsa MMC-nin barəsində açıqlama vermir. Təbii ki, sənədlərdə MMC-nin hər şeyi var. Maraqlıdır, bəs özü hardadır?

Qeyd edək ki, “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir.Mərkəzin direktoru Asif Məcidovdur. Onun uzun illərdir ki, Mərkəzə rəhbərlik etdiyi bildirilir. Onun adı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işində də hallanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun Məhkəmə çağırışına əməl etmədiyinə, bilərəkdən proseslərdən yayındığına görə məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edilib.

Mərkəzin birbaşa tabe olduğu  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru isə Anar Bayramovdur. O, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri vəzifəsinə təyin edilib. Buna qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. “ZN TRADE” MMC-də Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr təyin edildikdən az sonra yaradılıb. Hansı məqsədlə yaradıldığını da yuxarıdakı məlumatlar açıq aşkar göstərir.

Aktualinfo.org

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow