Sağlamlıq

Mütəxəssis vaksiansiyada yaş senzinin ləğvini vacib sayır

Hazırda Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 456 114, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 953 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502 569 təşkil edir.

Bununla yanaşı gündəlik peyvəndləmənin sayı aşağı düşüb. Təxminən 1 ay əvvəl gündə 34-35 min peyvənd vurulurdusa, hazırda bu rəqəm 15 mini ötmür. Bəzi günlərdə isə cəmi 400 vaksin vurulur.

Son günlər həm də vaksinasiya haqqında saxta arayışların pulla alınması ilə bağlı xəbər yayılıb. Rəsmi məlumata görə, artıq 14 həkim işdən azad edilib, bəziləri haqqında cinayət işi başlanıb.

Bəzi deputarlar və mütəxəssislər hesab edir ki, Azərbaycanda vaksinasiya ləng gedir və yaş həddini ləğv etmək və hətta artıq məcburi vaksinasiyaya keçməyə təklif edirlər.

Peyvəndlərin vurulma sayı niyə aşağı düşüb? Vaksinasiya könüllü və ya məcburi olmalıdır?

Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda vaksinasiya yanvar ayından başlanıb və artıq 1,4 milyon vaksin istifadə olunub.

“Bu da əhalimizin 14 faizini təşkil edir,” o qeyd edib.

Milli Məclisin deputatı Fəzail Ağamalı Turana bildirib ki, vaksinasiya sayının aşağı düşməsinin iki səbəbi var.

“Biri insanlarımızın biganəliyi və bəzi hallarda sosial şəbəkələrdə vaksinlə bağlı yayılan yanlış məlumatlardır. Vətəndaşlarımızda yanlış məlumatlar var və üstünə biganəlik da gələndə xoşagəlməz mənzərə yaranır.”

Deputat hesab edir ki, digər vacib səbəb Səhiyyə Nazirliyinin, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaşların arasında kifayət qədər maarifləndirmə işləri apamamasıdır.

“Videoçarxların gündəmə gətirilməməsi, eyni zamanda bütün qurumlar tərəfindən vətəndaşlarımıza vaksinləşmənin vacib olduğunu sistemli olaraq təbliğ edilməməsidir. Bu iki səbəb bizdə vaksinləşmənin geniş miqyas almasına mane olur.”

Ağamalının fikrincə, dünya miqyasında iki mühüm örnək var.

“Çinin və İsrailin örnəyi var ki, orada demək olar ki, insanların hamısı peyvən vurdurub və bu ölkələrdə yoluxma sayı minimuma enib.”

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda vaksinləşmə prosesi ləng gedir.

“Burada ən məntiqli izah ondan ibarətdir ki, əlimizdə olan peyvəndlərin sayı çox deyil. Bunu həll etmək üçün peyvəndi ölkəyə tədarük etmək lazımdır. Peyvəndləməni sürətləndirmək üçün yeganə yol budur.”

Ekspert hesab edir ki, vaksinasiya məcburi aparılmamalıdır.

“Bu məsələlər qanunvericilik bazasına uyğun olmalıdır. Bunu təklif edən deputatlar fikrini əsaslandırsın və bunu qanunvericilik şəklində çıxartmağa nail olsun.”

Həkim hesab edir ki, peyvəndləmə prosesində yaş senzi ləğv edilməlidir.

“18 yaşından yuxarı hamıya bu peyvənd vurulmalıdır.”

Azərbaycanın Çinin “Sinovac” şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (4,5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Hazırda yaşı 40-dan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Bənzər yazılar

Back to top button