Siyasət

Ceyms O`Brayn Azərbaycana səfəri nələri dəyişə bilər?

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynının bu günlərdə Azərbaycana səfər edəcəyi gözlənir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, dövlət katibinin köməkçisi rəsmi Bakı ilə ikitərəfli münasibətləri möhkəmləndirməyi, eləcə də Azərbaycan və Ermənistan arasında sülhə dəstəyi müzakirə edəcək.

Son aylar ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə edilir. Bu gərginlik Ceyms O`Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi bəzi fikirlərdən sonra daha çox müşahidə edildi.Ceymus O`Brayn dinləmələrdə demişdi ki, Ermənistanla sülh sazişi imzalanmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq.Bundan sonra da Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə keçirilməsi təklif olunan görüşlərindən imtina etdiklərini açıqladı.

Ceyms O’Brayen-in Bakıya səfərini şərh edən Dövlət Departamentinin sözçüsü Metyu Miller “Turan”a bildirib ki, Azərbaycanla əlaqələrini davam etdirmək fikrində olmadıqlarını heç vaxt deməyiblər: “Bu, bizim maraqlarımıza zidd olardı. Azərbaycanla bütün diplomatik əlaqələrimizdən imtina etsək, bu, regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı”.

O sonra da bunları söyləyib:“Biz narahatlığımızı aydınlaşdırmaq üçün həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqə saxlamağa davam edirik. Biz jurnalistlərin ( Azərbaycanda-red) saxlanılması ilə bağlı son tendensiyadan narahatıq. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə çağırmaqda davam edirik”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana deyib ki, ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq münasibətlərdir və fundamental məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür: “Ancaq bizim münasibətlərin anlaşılmaz tərəfləri də var. Bunun isə məsuliyyəti ABŞ-ın üzərinə düşür”.

Deputat deyib ki, 1992-ci ildə ABŞ Konqresində Azərbaycana yardımları dayandıran “907-ci düzəliş” qəbul ediləndə də rəsmi Vaşinqton məsuliyyət daşıyırdı: “Burada bir bəhanə var. Vaşinqton bəhanə edir ki, Azərbaycan Ermənistanın ərazisinə təcavüz edəcək, Zəngəzuru ( Ermənistanın Sünik bölgəsi) işğal edəcək. Halbuki, qətiyyən Azərbaycanın belə bir niyyəti yoxdur. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, biz Zəngəzura dönəcəyik, amma tankda yox, avtomobildə ora gedəcəyik”.

Onun sözlərinə görə, eyni zamanda “Zəngəzur dəhlizi” məsələsi də var: “Amma biz bunu İran ərazisindən də reallaşdıra bilərik. Bizim üçün bu elə də prinsipial məsələyə çevrilməyə bilər. Əslində “Zəngəzur dəhlizi”nin işləməsi Ermənistan üçün daha çox fayda gətirər”.

Deputat hesab edir ki, münasibətlərin gərginləşməsinin səbəbi isə ondadır ki, ABŞ indiki vəziyyəti özü üçün münbit hesab edir və Cənubi Qafqazda tam möhkəmlənmək istəyir: “Bu baxımından Ermənistanın yürütdüyü siyasət onu tam qane edir, Gürcüstan da prinsip etibarilə qərbyönlü siyasət həyata keçirir. Amma Azərbaycanın müxtəlif güc mərkəzləri ilə bərabər müstəqil siyasəti həyata keçirməsi ABŞ-ı qane etmir. Cənubi Qafqazda tam möhkəmlənmək üçün gərək Azərbaycan da Ermənistan və Gürcüstan kimi Amerikapərəst siyasət həyata keçirə”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və belə bir niyyəti yoxdur: “Biz Vaşinqtonla yaxınıqsa, bu Moskvanın əleyhinə deyil, Moskva ilə yaxınıqsa Vaşinqtonu hədəfə almırıq. Siyasətimiz bundan ibarətdir və bu təhlükəsizliyimizin təminatıdır”.

Onun fikrincə, rəsmi Vaşinqton başa düşdü ki, Azərbaycan hansı coğrafiyada yerləşir və bu coğrafiyada lider dövləti olan Azərbaycanla münasibətlərin gərginləşməsi ABŞ-ın maraqlarına təhlükə yaradır: “Bu səfər müəyyən mənada münasibətlərimizdə gərginliyin aradan götürülməsi mənafeyinə xidmət göstərir”.

Deputat hesab edi ki, Ermənistan-Azərbaycan sülh danışıqları isə prioritet müzakirə mövzusu olacaq: “Yəqin ki, O’Brayen çalışacaq ki, sülh prosesinin məntiqli nöqtəsinə çatması üçün Vaşinqton əsas mərkəz seçilsin, danışıqlar orada keçirilsin”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, hazırda əsas prioritet sülh sazişindən daha çox münaqişənin yenidən çıxmamasıdır: “İlk növbədə prezident İlham Əliyevin nəzərinə bu fikrini çatdıracaqlar ki, ABŞ Ermənistan-Azərbaycan sərhədində hər hansı bir toqquşma məsələsindən kənarda qalmayacaq”.

Ekspertin fikrincə, ikinci prioritet sülh müqaviləsinin imzalanmasıdır: “İnsan haqları və demokratiyanı isə hazırda prioritetlər siyahısında mən görmürəm. Amma qeyd etdiyim məsələlərdə problem olacaqsa insan haqları və demokratiyanı prioritet edəcəklər”.

A.Qasımlı hesab edir ki, Ceyms O’Braynın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə ciddi müsbət təsir göstərməyəcək: “Sadəcə ola bilsin ki, münasibətlərdə olan gərginliyi bir az yumşaltdı. Unutmayaq ki, Rusiya faktoru var. İndi O’Brayn gəlib və gedəcək, bundan sonra isə Rusiyadan adamlar gəlib gedəcəklər. Azərbaycan höküməti ilə Kreml arasında daim kommunikasiya var, üst-üstə düşən maraqlar var. Ona görə də ABŞ-Azərbaycan arasında gərginlik azalsa da bu, müvəqqəti xarakter daşıyacaq”.

Siyasi şərhçisi Ə.Oruclu isə hesab edir ki, ABŞ-Azərbaycan arasında yaranmış soyuqluğun əsas səbəbi Azərbaycan-Ermənistan münaqişəsi, “antiterror əməliyyatı” və sülh müqaviləsi məsələsi deyil: “Amerikalılar hesab edir ki, Azərbaycan Rusiya və Türkiyə ilə birgə regional layihələrə qoşulub, bu səbəbdən də təzyiq etməyə çalışırlar”.

Politoliq qeyd edib ki, son vaxtlar Rusiyadan çox israrla “3+3”( Azərbaycan, Rusiya, Ermənistan, Türkiyə, İran və Gürcüstan.Amma Gürcüstan bu formata qoşulmayacağını bəyan edib) formatı təbliğ olunur: “Azərbaycan isə çox ehtiyatlı mövqe tutub. Bir tərəfdən bu danışıqlarda iştirak edir, digər tərəfdən isə Türkiyə ilə Türk Yolu üzərində işləyir, başqa tərəfdən də İran ərazisindən yol çəkilişi ilə bağlı danışıqlar aparır. Belə görünür ki, Azərbaycan manevr etməyə çalışır ki, bu situasiyada tərəf tutmasın”.

1988-ci ildə başlayan Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.Sentyabrın 28-də tanınmayan qurum faliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button