GündəmHadisə

Hüseyn Axundovun anası: “Sevincdən az qalırdı ürəyim partlasın” – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsinə dair razılıq əldə olunub. Yerli KİV Ermənistanın azad edəcəyi azərbaycanlı hərbçilərin Aqşin Bəbirov və Hüseyn Axundov olduğunu açıqlayıb.

APA TV sözügedən hərbçilərin ailələrinə baş çəkib.

H. Axundovun anası Şəlalə Axundova bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:

“Sevincimdən evin içində dəlilər kimi o tərəf-bu tərəfə qaçırdım, qışqırırdım, az qalırdı ürəyim partlasın”.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Qeyd edək ki, Aqşin Bəbirov Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.

Hüseyn Axundov isə Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirli bilinərək 20 il həbsə məhkum edilmişdi. Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxılması və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə KİV-də xəbərlər yayılıb.

Bənzər yazılar

Back to top button