Hadisə

Xətaidə obyektlər və evlər qanunsuz sökülür? – Sahibkarlar etiraz edir

Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən ticarət obyektləri və fərdi yaşayış evləri sökülür.

Bu barədə Qaynarinfo-ya həmin küçədə obyekti olan sahibkar Adil Musayev məlumat verib.

Onun sölərinə görə, söküntü işləri bu gün səhər saatlarında başlayıb. Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları xəbərdarlıqsız işə başlayıblar.

Adil Musayev və digər sahibkarlar, eyni zamanda sakinlər söküntü işlərinin qanunsuz həyata keçirildiyini iddia edir.

Sahibkarla deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları obyekt sahiblərinə və evləri söküləcək sakinlərə kompensasiya ödəniləcəyini, bununla bağlı müqavilə imzalanacağı deyib: “Lakin bizə heç bir sənəd təqdim etməyiblər və xəxbərdarlıqsız söküntü işlərinə başlayıblar”.

Başqa bir sahibkar Cəmil Hacıyev əməkdaşımızla söhbərində bildirib ki, ölkə başçısı sahibkarların hüquqlarını qoruduğu halda, məmurlar dövlət siyasətini bu cür qanunsuz addımları ilə gözdən salmaqla məşğuldurlar. Sahibkarlar onu da əlavə edib ki, obyektlər işlək ticarət müəssisələridir: “Hər obyektdə dəyəri 100 minlərlə manatla ölçülən mallar var. Yaxın ərazilərdə təmirsiz obyektlərin bir kvadratının qiyməti 7 000 manatdan başlayır. Əgər həmin məbləğdə kompensasiya ödənilərsə, malımızı götürüb köçə bilərik. Əks halda, məhkəməyə müraciət edəcəyik”.

Evləri söküləcək sakinlər də narahatdır. Bildirirlər ki, onlara da heç bir sənəd təqdim edilməyib: “Bizə şifahi şəkildə deyilib ki, köçün. Hara köçək? Amma bu, onları maraqlandırmır. Deyiblər ki, köçməsəniz yaşayış olub-olmadığına məhəl qoyulmadan evləriniz söküləcək”.

Qaynarinfo baş verənlərlə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun İnformasiya təminatı və təhlili sektoru əməkdaşımızı İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yönəldib. Sözegdən şöbədən isə bildirilib ki, bu məsələlərlə bağlı Təsərrüfat şöbəsi ilə məşğul olur. Əlaqə nömrəsi götürərək, geridönüş ediləcəyi bildirilsə də, bu baş verməyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button