Siyasət

Naxçıvanda atəşkəs niyə pozuldu?

“Son erməni təxribatı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşına qarşı olan güclərin əməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmasına münasibət bildirərkən deyib.

“Bundan əvvəlki dönəmdə Paşinyan bir neçə dəfə bəyan edib ki, Ermənistan ordusunda “5-ci kolon”un nümayəndələri var. Hətta o, sərhəd zonasında xidmət edən bəzi zabitləri də vəzifədən kənarlaşdırdı. İndi də istisna olunmur ki, son təxribatlar həmin dairələrdən göstərişlər alan erməni hərbçilərinin əməlidir. Diqqətdən qaçırmamalıyıq ki, qarşı tərəf xəstə təxəyüllü Ermənistandır. Ermənilər proseslərə hələ də xəstə təxəyüllə yanaşmaqda davam edir”, deyə siyasətçi bildirib.

Həmsöhbətimizə görə, bu təxribatlarda məqsəd prosesin Azərbaycanın diqtəsi əsasında getməsindən əndişələnən ermənilərin vaxt udmaq, prosesi uzatmaq, gərginlik yaratmaq, vasitəçiləri növbəti dəfə ortaya atmaqla özlərinə divident qazanmaq istəyi də ola bilər:

“Azərbaycan elə bir gücdədir ki, heç bir təxribat ölkəmizi yolundan çəkindirə bilməyəcək. Əksinə, ermənilərin bu cür təxribatları davam edəcəksə, bu Ermənistan adlı qondarma dövlətin özünün ciddi problemlərlə üzləşəcəyinə səbəb olacaq. İstənilən halda hadisələrin gedişi Azərbaycanın xeyinə cərəyan edəcək”.

Qeyd edək ki, bir neçə aydır davam edən səssizliyin ardından Ermənistan atəşkəsi yenidən pozub. İyunun 13-ü və 14-də Ermənistan tərəfi Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 13-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. İyunun 14-ü saat 07:15-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bənzər yazılar

Back to top button