Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi

Sep 20, 2024 - 18:55
 0
Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan Bakı həbsxanasından Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatlarına cavab verib.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vardanyan həbsxanada Paşinyanın dedikləri barədə məlumatlandırılıb.

O, ailəsi ilə söhbətində məlumatın təsdiqini almaq istəyərək cavab verməyib. Bundan sonra Vardanyan öz mövqeyini ictimaiyyətə açıq formatda bölüşmək imkanı istəyib. Onun şərhi ailəsi tərəfindən teleqram kanalında yerləşdirilib.

Onun sözlərinə görə, hər bir insan öz həyatının nümunələri və prinsipləri əsasında başqasının hərəkətləri haqqında düşünür. Bundan əlavə, Paşinyanın ona hər hansı sualı olubsa, onun 2022-ci ilin noyabrında baş tutan son görüş zamanı soruşmaq imkanı olub.

Bununla belə, Vardanyan qeyd edib ki, indi öz imkanları daxilində onun istənilən sualına cavab verməyə hazırdır. Biznesmen Paşinyana xatırladıb ki, 2018-ci ilin yazında onunla ilk görüşdə (Paşinyan baş nazir seçildikdən sonra - red.) Vardanyan həmişə sadiq qaldığı və sadiq qalacağı üç məqamı bəyan edib: o, Ermənistan siyasətinə müdaxilə etməyəcək, Ermənistan hakimiyyəti ilə münasibətdən asılı olmayaraq xeyriyyəçiliklə məşğul olacaq və bu yanaşmanı dəyişə biləcək yeganə şey Qarabağın taleyi olacaq.

Qeyd edək ki, Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında “Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi, ona bu addımı atmağı kim məsləhət gördü, kim göndərdi? Kim onu Ermənistana, Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib?... Biz bu suallara cavab istəyirik, ya yox? Bu ciddi məsələdir”.

Xatırladaq ki, Ruben Vardanyan Qarabağda saxlanılaraq Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow