Siyasət

Hindistan İran limanını icarəyə götürür: Azərbaycan prosesdə necə iştirak edəcək?

“Nəzərdə tutulan layihələr tam reallaşsa, Hindistan üçün Cənubi Qafqazda əsas tərəfdaş Azərbaycan olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Hindistanın İranın Çabahar limanını 10 illiyə idarəetməyə götürməsi fonunda layihənin rentabelliyi və Azərbaycanın da prosesdə iştirakı məsələsini şərh edərkən deyib.

Ekspert görə, Azərbaycanın Hindistanla əlaqələrinin İrəvanın bu ölkə ilə əlaqələrindən daha genişdir:

“Son zamanlar Hindistanla Ermənistan arasında əlaqələrin genişlənməsi Azərbaycanda ciddi narahatlıq yaradır, amma həmişə olduğu kimi, müzakirələr daha çox emosionaldır, rasional analizə söykənən fikirlərə az rast gəlinir. Hindistan güc mərkəzlərindən biridir. Əslində, Ermənistanla yaxınlığın tarixi köklərini bir kənara qoysaq, Azərbaycanın Hindistanla daha sıx əlaqələri olduğu üzə çıxır. Bu da praqmatik Hindistan hökumətinin Azərbaycanla əlaqələrə önəm verdiyinin göstəricisidir. Bu işdə yeni logistika xəttləri, Azərbaycan Dəmir Yollarının gördüyü işlər də mühüm rol oynayır”.

Ekspert bildirib ki, 2023-cü ildə Ermənistanla Hindistan arasında ticarət dövriyyəsi cəmi 380 milyon dollar olub:

“Həmin dövrdə Azərbaycanla Hindistanın ticarət dövriyyəsi isə 1 milyard 435 milyon dollar təşkil edib. Yəni, Ermənistanla olan ticarət dövriyyəsindən az qala 4 dəfə çoxdur. Hindistandan Azərbaycana gələn turist sayı kəskin artıb – bu ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqaisədə Hindistandan 2,4 dəfə çox turist gəlib. Rəqəmlər deyir ki, Hindistanla münasibətlər heç də pis deyil, deməli, “dostunu yaxın, rəqibini daha da yaxın saxla”, prinsipini davam etdirmək lazımdır”.

Natiq Cəfərli deyib ki, Hindistanın Azərbaycana münasibəti ölkəmizlə bağlı deyil, daha çox bizim Pakistanla daha sıx münasibətlərə cavab refleksidir:

“Amma bu refleksi daha sıx ticarət, logistika ilə neytrallaşdırmaq mümkündür və bunun üçün əla fürsət yaranıb. Mayın 13-də Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Bu sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan mövcud limanı idarəçiliyə götürməklə Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinnin tərkib hissəsi kimi qiymətləndirilir”.

Həmsöhbətimiz qeyd edib ki, Hindistan İran və Azərbaycan üzərindən Orta Asiya, Rusiya, Şimali Avropa bazarlarına çıxmaq üçün qısa və effektiv yol axtarır:

“Bu məqsədlə də Azərbaycanla intensiv danışıqlar aparır. Azərbaycan regional logistik “hub” olmaq istəyir, bunun üçün çox iş görür, yeni layihələrə yatırımlar qoyur və Azərbaycan Dəmir Yolları bu işdə aparıcı icra qurumuna çevrilib. Çünki hamını maraqlandıran ucuz və sürətli dəmir yolu daşımalarıdır. Məsələnin məğzi budur ki, Hindistan İran və Azərbaycan üzərindən Orta Asiya, Rusiya, cələcəkdə isə Şimali Avropa bazarlarına çıxmaq üçün qısa və effektiv yol axtarır, bu məqsədlə Azərbaycanla, ölkənin rəsmi qurumları, o cümlədən ADY ilə intensiv danışıqlar aparır”.

Natiq Cəfərliyə görə, nəzərdə tutulan layihələr tam reallaşsa, Hindistan üçün Cənubi Qafqazda əsas tərəfdaş Ermənistan deyil, Azərbaycan olacaq:

“Azərbaycanın infrastrukturu bu layihə üçün çox əlverişlidir. Bu isə ölkəmizə əlavə dividendlər gətirə bilər. Həm də, Hindistanın maraqlarını nəzərə alaraq, Azərabaycan bu qarşılıqlı asılılıqdan istifadə edərək Hindistanın mövqeyini dəyişə, ən azı neytrallaşdıra bilər. Bu bir fürsətdir. Azərbaycan hökuməti anlamalıdır ki, indiki iradəetmə, vergi-gömrük sistemi bu fürsəti dəyərləndirməyə əngəldir. Deməli, sütətlə islahata getməliyik. Bu fürsəti qaçırmaq olmaz”.

Hindistanın bu layihəsinin Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ olacağına gəlincə, həmsöhbətimiz bildirir ki, burada Azərbaycan loqistik mərkəzə çevrilmək üçün çalışır:

“Bunun üçün isə müxtəlif ölkələrlə də əməkdaşlıq etmək olar. Bu mənada düşünmürəm ki, Çinlə əməkdaşlıq Hindistana və yaxud Hindistanla əməkdaşlığımız da Çinə hansısa bir formada maneəçilik törədir. Əksinə, gələcəkdə hətta maraqların uzlaşması da mümkündür. Əsas məsələ odur ki, Çinin “Bir kəmər, bir yol” layihəsinə Hindistanla münasibətlər heç bir maneəçilik yaratmır”.

Qeyd edək ki, mayın 13-də Hindistan İranın Hind okeanı sahilindəki Çabahar limanını 10 illiyə idarəetməyə götürüb. Onun ardınca Ermənistanda ölkənin Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması imkanları ilə bağlı geniş müzakirələr başladılıb. Erməni ekspertlər dəhlizin fəaliyyətinin genişlənməsi fonunda İrəvanın onun tərkib hissəsinə çevrilmək istiqamətində fəaliyyətlərini aktivləşdirməsinin gərəkdiyini bildiriblər.

Bənzər yazılar

Back to top button