Cəmiyyət

COP29 işığında: İqlim Azərbaycanda qadınların həyat keyfiyyətini necə dəyişir?

Azərbaycanda ev təsərrüfatlarının cəmi 49,5 faizi içməli suyu evin daxilindəki su kəmərindən əldə edə bilir. Bu, Dövlət Statisitika Komitəsinin 2019-cu ildə 10200 ev təsərrüfatları arasında keçirdiyi sorğuda göstərilir. Həmin sorğudan məlum olur ki, 19,8 faiz ailə özünün həyətində olan su kəmərindən, 13,5 faizi ümumi istifadədə olan həyətlərdəki kran və quyulardan, 8,1 faizi bulaq və çaylardan əldə edir, 7,9 faizi su daşıyan maşınlardan, 1,2 faizi isə ticarət şəbəkələrindən pulla alırlar.

Dünyada iqlim dəyişmələrinin yaratdığı fəsadlar dərinləşdikcə, Azərbaycanda da bu, özünü içməli suda yaranan böhranda göstərir. 2019-cu ildə sorğuda iştirak edən ailələrin əgər 50 faizdən çoxunun fasiləsiz və keyfiyyətli suya əlçatanlığı zəif olubsa, 2024-cü ilə bu böhran bir qədər də dərinləşib. Su böhranı təkcə içməli su ilə təminatda deyil, suvarmada da hiss olunur.

Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycan COP29-da ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsini mühüm hadisə hesab etmək olar. Qlobal iqlim dəyişmələri bu gün dünyanın ön sırada gedən problemlərindən biri olaraq insanların həyat və yaşayış səviyyəsinə ciddi təsir göstərən amillərdəndir. Bu baxımdan Qafqaz ölkələri arasında iqlim dəyişikliyinə ən çox məruz qalan ölkə kimi Azərbaycanın da qarşısına qoyacaq ciddi hədəfləri olmalıdır. https://cop29.az/az portalında ölkəmizin əsas hədəfləri sırasında bərpa olunan enerji mənbələrinin genişləndirilməsi göstərilir. 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmağı hədəfləyir.

Lakin Azərbaycan hökumətinin iqlim dəyişmələri fonunda həll etməli olan məsələlərdən biri qeyd etdiyimiz kimi, su çatışmazlığına qarşı tədbirləri gücləndirməkdir. Beynəlxalq proqnozalara görə, 2040-cı ilə qədər Azərbaycan şirin su qıtlığı ilə üzləşən ölkələrin ilk sıralarında yer alacaq. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də mediaya verdiyi açıqlamada iqlim dəyişmələri nəticəsində su resurslarımızın 15 faiz azaldığını və bu prosesin davam edəcəyini bildirir. Əlbəttə, su çatışmazlığı özü ilə bərabər müəyyən riskləri də gətirir: miqrasiya, qida təhlükəsizliyi, sağlam həyat şəraitinin pozulması. Keyfiyyətli həyat şəraitinin pozulmasından isə ən çox təsirə məruz qalan təbəqə qadınlar və uşaqlar olur. Məsələn, DSK-nın sorğusuna əsasən bu gün respublika üzrə ev təsərrüfatlarının 16,8 faizinin evinin daxilində su kəməri yoxdur. Su kəməri ilə təmin olunmayan ev təsərrüfatlarının 44,7 faizi suyu 50 metrədək, 32 faizi 50-100 metr, 16,8 faizi 101-500 metr, 6,5 faizi isə 500 metrdən çox olan məsafədən gətirirlər. Əlbəttə, uzaq məsafədən su daşıyanlar isə əsasən qadınlar və uşaqlar olur. Eyni zamanda məişət işlərinin əsas yükü qadınların üzərində olduğunu nəzərə alsaq, mövcud vəziyyət onların normal həyat şəraitinə və sağlamlığına da ciddi təsir göstərir.

Bundan əlavə, su böhranının qadınların əmək bazarında iştirakçılığında təsirlərini görmək olar. Rəsmi statistikaya görə, 2022-ci ildə məşğul əhalinin 47,8 faizi qadınlar təşkil edir. Qadınların məşğulluğunun təmin oldunduğu əsas sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, təhsil, sosial xidmət sektorlarıdır. Lakin son 3 ildə qadınlar əmək bazarının kənd təsərrüfatı sektorunu sürətlə tərk edir. Belə ki, 2021-ci ildə iqtisadiyyatın müxtəlif fəaliyyət növlərində çalışan qadınlarımızın 42,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışırdısa, 2023-cü ildə bu göstərici 40,6 faiz təşkil edib. 3 il ərzində kənd təsərrüfatında işləməyi tərk edən qadınları payı 2 faizədək azalması bir çox mətləblərdən xəbər verir. Qeyri-əlverişli hava şəraiti (daşqınlar) və ya quraqlıqlar əkinçilik və bitkiçiliyə ciddi ziyanlar vurmağa başlayıb, strateji əhəmiyyətli qidaların istehsalında azalmalara gətirib çıxarıb.

Məsələn, kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi 2019-cu illə müqayisədə 2022-ci ildə 5,4 faiz azalıb. Eyni azalma xırda və iribuynuzlu mal-qaranın sayında da müşahidə edilir. Təkcə bu sektorun işçi qüvvəsinin 54,3 faizini qadınlar təşkil edir. Halbuki 2021-ci ildə bu göstərici 56,2 faiz olub. Göründüyü kimi, qadınların kənd təsərrüfatı sektorunu tərk etməsi ilə bu sahədə azalmalarda bu paralelik görünür. Bu azalma bir tərəfdən suvarma sistemində yaranan böhrandırsa, digər tərəfdən iqlim dəyişmələrinin dolayısı yolla yaratdığı miqrasiyanın nəticəsidir. Sözsüz ki, mövcud böhran ilkin olaraq həmin qadınların gəlirlərində hiss olunur, onların yoxsullaşmasına gətirib çıxarır.

Bu baxımdan COP “ailəsinin” üzvü olaraq Azərbaycanın qarşılarına qoyacaq əsas hədəflərdən biri iqlim dəyişmələrində gender amillərinin təhlili və onun nəticələrinə qarşı mübarizə yolunda strateji yol xəritəsini bəlləməsi olmalıdır.

Vüsalə RÜSTƏMOVA

Bənzər yazılar

Back to top button