Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib
Türkiyənin paytaxtı Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında Azərbaycanın Xalq artisti, əməkdar incəsənət xadimi, aktyor, rejissor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun 70 illik yubileyi keçirilib.
Təntənəli yubiley mərasimi TÜRKSOY başda olmaqla Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyədəki səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbiri TÜRKSOY-un Baş katibi Sultan Raev açaraq bildirib ki, C.Novruzov Azərbaycan və Türk dünyasında teatr yaradıcılığının inkişafında böyük xidmətlər göstərib. O, C.Novruzovun son 30 ildə türk dünyası üçün yüzlərlə sənətkar yetişdirdiyini bildirib və sənətkara təşkilatın adından təşəkkürünü bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov C.Novruzovun həyat və yaradıcılığından danışıb. Səfir Azərbaycan dövləti və xalqı tərəfindən C.Novruzovun çoxsaylı təltiflərinin olduğunu deyib.
TÜRKSOY-dakı daimi nümayəndə Elçin Qafarlı tədbir iştirakçılarını C.Novruzovun 70 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ünvanlanan təbrik məktubunun mətni ilə tanış edib.
C.Novruzov sonda çıxış edərək babası, Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Zeynalov və anası, tanınmış Xalq artisti, mərhum Nəsibə Zeynalovadan bəhs edib. Aktyor deyib ki, onların mənəvi mirasının daşıyıcısı olaraq türk dünyasına göstərdiyi xidmətdən qürur duyur: "Türk bayrağının dalğalandığı hər yerdə xidmət etməkdən qürur duyuram və Turan Teatrının yaranacağı günə çox az qaldığına inanıram”.
Tədbirdə C.Novruzovun sənətkarlıq fəaliyyəti ilə bağlı film və fotosərgi nümayiş etdirilib.
Xəbərə reaksiyanız necə oldu?