Rusiya Çində dronların gizli istehsalına başladı

Sep 26, 2024 - 11:01
 0
Rusiya Çində dronların gizli istehsalına başladı

Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə üçün uzaq mənzilli zərbə dronlarının hazırlanması və istehsalı üçün gizli proqrama başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Avropa kəşfiyyat agentliyindəki iki mənbəyə və proqram üzərində işləyən Rusiya müdafiə şirkətinin hesabatlarına istinadən yazır.

"Reuters” xəbər verir ki, proqram "Almaz-Antey” konserninin törəmə şirkəti olan "Kupol” İjevsk Elektromexanika Zavodu (İEMZ) tərəfindən həyata keçirilir.

Rusiya müəssisəsinin bu il Müdafiə Nazirliyinə göndərdiyi sənədlərdən birinə (sənədi "Reuters” agentliyi əldə edə bilib) görə, İEMZ "Qarpiya-3” pilotsuz uçuş aparatının yeni modelini hazırlayıb və Çində uçuş sınaqları keçirib. "Reuters” yazır ki, şirkət daha sonra Çindəki zavodda böyük miqdarda "Qarpiya-3” də daxil olmaqla dronları istehsal etməyə hazır olduğunu açıqlayıb.

İEMZ-in sənədlərinə əsasən, yeni dron modeli 50 kq faydalı yüklə 2000 km məsafə qət edə bilir. Hesabata görə, Çində istehsal olunan "Qarpiya-3” və digər dron modelləri çinli mütəxəssislərin iştirakı ilə növbəti sınaqlar üçün İjevskə gətirilib. 

Səkkiz ay ərzində "Kupol” 400 kq-a qədər faydalı yük daşıyan Çin istehsalı olan "REM 1” zərbə dronunun istehsalına başlamağa hazır olacaq. Agentlik yazır ki, bu dron ABŞ-ın "Reaper” pilotsuz uçuş aparatının analoquna çevriləcək.

"Reuters” yazır ki, hesabatlarda Rusiyaya bağlı PUA zavodunun Çində harada yerləşdiyi göstərilmir. Bununla belə, "Kupol” istehsalın 80 hektar ərazini tutacağını və ildə 800 dron istehsal etmək üçün nəzərdə tutulacağını bildirib. Jurnalistlər Rusiya Müdafiə Nazirliyinin dronların kütləvi istehsalına başlamasına razılıq verib-vermədiyini öyrənə bilməyiblər.

BMT-nin keçmiş silah müfəttişi və Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun tədqiqat qrupunun rəhbəri Devid Olbrayt "Reuters” agentliyinə bildirib ki, Çində özünün dron istehsalını qurmaq Rusiyaya qabaqcıl texnologiya və təcrübəyə çıxış imkanı verməklə Qərbin sanksiyalarından yan keçməyə kömək edəcək.

"Reuters” xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi layihə haqqında məlumatı olmadığını bildirib və əlavə edib ki, "ölkə pilotsuz uçuş aparatlarının ixracına ciddi nəzarət edir”. "Kupol”, "Almaz-Antey” və Rusiya Müdafiə Nazirliyi "Reuters”in sorğularına cavab verməyib. Ukrayna hakimiyyəti, eləcə də ABŞ Dövlət Departamenti "Reuters”in məlumatını şərh etməyib.

Mənbələrin "Reuters” agentliyinə verdiyi məlumata görə, sənədlər Ukraynada müharibə başlayandan bəri Rusiyaya Çin istehsalı olan dronların tədarükünə dair ilk konkret sübutdur. Ümumilikdə, Avropa kəşfiyyatının ixtiyarında beş sənəd, o cümlədən Rusiya Müdafiə Nazirliyinə iki İEMZ hesabatı və Çində dron istehsalı üçün Rusiya layihəsinin mövcudluğu barədə bəyanatlarını təsdiqləyən iki faktura var.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow