Yaşar Nurinin xanımı narazıdır: "Məni nazirliyə çağırdılar, amma Adil Kərimlini görmədim"

Sep 3, 2024 - 16:57
Yaşar Nurinin xanımı narazıdır: "Məni nazirliyə çağırdılar, amma Adil Kərimlini görmədim"

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür. Yaşasaydı, sənətkarın 62 yaşı olacaqdı. Aktyorun dünyasını dəyişməsindən 12 il keçir. Dəfələrlə dəyişən mədəniyyət nazirlətinin biri də Nuriyevlər ailəsinin, xüsusi ilə də aktyorun həyat yoldaşı Rəhmə Nuriyevanın qayğıları ilə maraqlanmayıb. 

Aktyorun doğum günü ilə bağlı Rəhimə Nuriyeva Qaynarinfo-ya müsahibə verib. 

- Rəhimə xanım, Xalq artisti Yaşar Nuriyevin ölümündən 12 il keçir. Bu 12 ildə Yaşar bəyin doğum gününü necə qeyd edirsiniz? 

- Yaşarın vəfatından sonra onun ad və anım günləri sönük keçir. Hər doğum günündə xatirələri, onunla olduğumuz günlərim yadıma düşür... Elə vəfat günü də bir kino lent kimi gözümün qarşısındadır. Elə bil dünən olub hər şey. Bayram günləri də onsuz öz mənasını itirib. Həyatın ləzzəti qalmayıb, sanki bütün sevinclər elə Yaşarla gedib. Bu evin sevinci də, kədəri də onunla bağlı idi. Yaşarsız həyatın mənası, dadı yoxdur. Bu gün səhər açılan kimi qəbiristanlığıa getmişəm. Adətən, onun ziyarətinə tək gedirəm. Başqalarının yanında qəbiristanlığa getməyi sevmirəm. Niyə kimsə gözümdə yaş görsün ki? Yaşar istəməzdi kimsə məni kədərli görsün. Mən də istəmirəm ki, məni belə görsünlər, bu dərdimi özüm çəkirəm, heç kəsə yükləmək istəmirəm. Bu gün gedib onu ziyarət etdim, tək oturdum qəbrinin üstündə, 3 saat onunla dərdləşdim. Olandan-qalandan, hətta onun yoxluğundan sonra baş verənlərdən dərdləşdik. Yaşar mənim üçün ölməyib, o, içimdədir, hər saniyə onunlar söhbət edirəm.

- Yaşar Nurinin yoxluğunu qəbul edə bilmirsiniz?

- Mənim arxa-dayağım idi Yaşar. Sirdaşım, dostum idi. Tək mənim deyil, bütün nəsilimə dayaq idi. Əgər Yaşar bu gün sağ olsaydı, böyük sənət ocaqlarının birinin rəhbəri olardı. Yaradıcı insanlara böyük dayaq olardı, məsləhətlər verərdi. Onun varlığı bəs edərdi ki, gənc sənət adamlarının üzü gülsün. Tərəf müqabilləri səhnəyə çıxanda çox sevinərdilər. Deyirdilər ki, bu gün Yaşar müəllimlə səhnəyə çıxacağıq. Yaşar özü də maraqlı adam olub. Onun həyatda olması teatr sənətində çox şeyi dəyişdirə bilərdi. Çox heyif... 12 ildən çox keçib, amma elə bil hadisə dünən olub. Dəxli yoxdur, sənətkar sənətkardır, həyatda olmasa da, yaşayır.

- 2012-ci ildən çox vaxt keçib. Bu illər ərzində bir neçə mədəniyyət naziri dəyişib. Dəyişən nazirlərin sizə münasibəti necə olub?

- Yaralı yerimə toxundunuz. Heç nədən çəkinmirəm. Deməyə sözüm, gileylənməyə ixtiyarım da var. Mən adi vətəndaş deyiləm, o boyda sənətkarın həyat yoldaşıyam. 2012-ci ildən bu günə kimi təyin olunan nazirlərin birinin də qəbuluna düşə bilməmişəm. Adlarını da çəkmək istəmirəm. Nazir Adil Kərimliyə müraciət etdim. Mənə söz verdilər, amma yenə də sözlərini tutmadılar. Elə oldu ki, saytların birinə müsahibə verdim. Orada bildirdim ki, çox istərdim cənab nazirlə görüşəm. Onun haqqında yaxşı sözlər eşitmişəm, deyirlər ki, yaradıcılığa qiymət verən şəxsdir. Bu yazıdan sonra mənə Mədəniyyət Nazirliyindən zəng gəldi. Dedilər ki, nazirliyə dəvət olunursunuz. Getdim, amma Adil Kərimlini görmədim. Onun müavinlərdən biri məni qəbul etdi. Onun adını deməyəcəyəm, amma bütün məni maraqlandıran məsələləri dedim, o da qeydlərini götürdü. Yanında da bir nəfər var idi, o da qeyd edirdi. Üstündən 7 ay keçib, amma heç bir cavab yoxdur. Elə bil heç Mədəniyyət Nazirliyinə getməmişəm, nə də məni dinləyən olmayıb. Bundan sonra nə deyə bilərəm ki? Söz bitən yerdə danışmağa ehtiyac qalmır. Dediyim bütün fikirlər elə otaqdaca qaldı. Elə şeylər var ki, mən onu ancaq nazirlikdə həll etməliyəm. Bu, mənim şəxsi mətbəxtimdir. Evimin içini açıb tökə bilmərəm. Yazdığım sualların 10-15-nə cavab ala bilmədimsə, bu gün kimdən nə gözləyə bilərəm ki? 

Çox təəssüf ki, Yaşar həyatda yoxdur. Əgər Yaşar sağ olsaydı, çəkinmədən deyirəm ki, o Teatrlar İttifaqına sədr olacaqdı. Bundan əlavə Mədəniyyət Nazirliyindən ən yüksək vəzifələrin birini tutacaqdı. Milli Məclisə deputat da seçiləcəkdi, Mədəniyyət Komissiyasında fəaliyyət göstərəcəkdi. Çünkü onun daxili aləmi, imkanı, sənətə olan münasibəti buna cavab verirdi. Çox gözəl işlər görə bilərdi. Teatr sənətinin inkişafında rolu böyük ola bilərdi. Çox heyif. Bunu gizlətmədən deyirəm. Bu gün Yaşarın doğum günüdür, nə Mədəniyyət Nazirliyindən, nə Teatr İttifaqından, nə də onun zamanla işlədiyi teatr ocaqlarının birindən belə bu evə zəng gəlməyib, Yaşarı anan olmayıb. Bir təbrik zəngini belə eşitmədim. 

- Yaşar Nurinin vəfatından sonra aidiyyatı qurumların heç birinin onun ailəsinə dəstəyi olmayıb ki? 

- Yox, heç bir maddi və mənəvi dəstək olmayıb. Dəstək madiyyatdan ibarət deyil. Beynəlxalq Teatr Günü, Azərbaycan Teatr Günü, ad günü, tədbirlər bir-birinə calanır. O tədbirlərin heç birinə məni dəvət etmirlər. İki ali təhsilim var, deməyə sözüm çoxdur. Lazım olan yerdə danışmağı da bacarıram. Bağ evində Yaşara aid bir künc ayırdım. Onu muzey saymıram, amma orada o qədər teatr materialları var ki... Muzeylərimizin bir neçəsi gəlib nə qədər götürüb, hələ nə qədər materiallar durur. Çoxlu külliyyatı var. Nazirliyə gedəndə təklif elədim ki, mədəni verilişlərin sayı çoxalmalıdır. Silsilə verilişlər yayımlanmalıdır. Bu qədər sosial verilişlər nəyə lazımdır. İnsanların baş-beyni gedir, o aldı, bu boşadı, biri vurdu, o biri öldürdü, bir az da maarifləndirici verilişlər olsun da. Bunlar kimə lazımdır? Onun yerinə sənət haqqında verilişlər olsun. Vətən, komediya, teatr haqqında silsilə verilişlərin sayı çoxalmalıdır. Kiminsə həyatı mənə maraqlı deyil, kimin nəyi var özünə nəsib olsun. Mən olsaydım, heç vaxt olanımı üzə çıxartmazdım. 38 il Yaşarla ailəli oldum, heç vaxt belə şeyləri üzə çıxatmadım. Evimizə çəkilişə gələndə balaca bir künc vermişəm, özüm də aralı durmuşam, düşünmüşəm ki, bəlkə birinin imkanı yoxdur. Niyə mənim imkanımı kimsə görməlidir? Mən Yaşarın sağlığında bir yerə gedəndə həmişə həmin tədbirə uyğun geyinmişəm. Söhbət şan-şöhrətdə deyil, insanlıqdadır. Mən də əziyyət çəkmişəm, iki il kirayədə qalmışam. Sonra dövlət bizə bir otaqlı ev verib. Zamanla şəraitimiz oldu, Yaşar nə qədər sağ idi, evimin heç vaxt problemi olmayıb. Hamıdan gözəl yaşamışıq. Bütün qapılar Yaşarın üzünə açıq olub. Nazirdən tutmuş sürücüyə kimi Yaşarın hörmətini tutub. Əgər məni Mədəniyyət Nazirliyinə çağırıb üçüncü şəxs qismində dinləyirlərsə, sonra isə cavab vermirlərsə, daha nə deyə bilərəm ki? Adil Kərimli özü məni qəbul etsəydi, işlərim çoxdan həll olunardı. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow