Prezidentə müraciət: "Cinayəti törədən nazir müavininin qohumu ölkədən qaçıb"

Oct 2, 2024 - 12:48
Prezidentə müraciət: "Cinayəti törədən nazir müavininin qohumu ölkədən qaçıb"

Solmaz Zeynalova Prezident və Birinci Vitse-prezidentdən kömək istəyir

Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 31/2c-də yaşayan Zeynalova Solmaz Müseyib qızı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

Bakı sakini oğlunun qanunsuz həbs olunduğunu deyir və ölkə başçısından kömək istəyir.  

Solmaz Zeynalova müraciətində yazır ki, o, ölkə başçısından siyasətini həmişə dəstəkləyib və indi də dəstəkləyir: "Cənab Ali Baş Komandan, hörmətli İlham Əliyev, Sizin idarəçiliyiniz nəticəsində, uzun illər əsarətdə olan torpaqlarımız düşməndən azad olunaraq, geri qaytarılıb. Nəhayət ki, xalqımız o torpaqlarda firəvan həyat sürməyə başlayıb. Bundan başqa, ölkədə keçirilən islahatlar, Korrupsiyaya qarşı mübarizə siyasəti xalqımız tərəfindən böyük rəgbətlə qarşılanır". 

İlkin Babayev

"Cənab Prezidentin  tapşırığı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradıldıqda hər bir Azərbaycan vətəndaşı ümüd edirdi ki, nəhayət, vəzifəli şəxslərin və onların himayə etdikləri qohumlarının törətdikləri  cinayət və özbaşınalıqların qarşısını ala biləcək bir qurum yaradıldı. Lakin əfsuslar olsun ki, hazırda qeyd olunan idarənin əməkdaşları və onların qohumları korrupsiya cinayətləri törədir və səlahiyyətli himayədarları güvənərək asanlıqla və böyük məharətlə məsuliyyətdən yayınırlar", - deyə vətəndaş qeyd edir. 

O, oğlunun da sözügedən qurum tərəfindən qanunsuz və ədalətsiz həbs edildiyini vurğulayıb: "Belə ki, oğlum Babayev İlkin Əbülfəz oğlu 02.02.2023cü il tarixdə törətmədiyini cinayət görə qanunsuz və əsassız olaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Cinayəti əslən törədən həmin idarənin Preventiv şöbəsinin prokuroru Nicat Şəmşirovun qardaşı Nahid Şəmşirov isə qeyd olunan işi aparan müstəntiq İlyas Hüseynov tərəfindən 3(üç) ay 7(yeddi) gün kənarda qalmış, cinayəti törətməsi barədə kifayət qədər sübut və dəlillər olmasına baxmayaraq, ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmamışdı. Halbuki 04.02.2023cü il tarixdə Biqədi rayon məhkəməsində keçirilən sanksiya məhkəməsi zamanı müstəntiq İlyas Hüseynovun məhkəməyə təqdim etdiyi təqdimatda bu cinayəti iş yoldaşı Nicat Şəmşirovun qardaşı Nahid Şəmşirov törətməsi birbaşa göstərilib". 

Nahid Şəmşirov keçmiş deputat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur. 

Nahid Şəmşirov

Şəmşirovlar uzun illər Cavid Qurbanovun hesabına müxtəlif vəzifələr tutublar və müəyyən dövrlərdə onların etdiyi qanunsuzluqlar mediada dərc edilib. 

Solmaz Zeynalova deyir ki, İlyas Hüseynovun Nahid Şəmşirovu 3 ay 7 gündən sonra prosesə cəlb etməsi, ölkədən giriş-çıxışına bilərəkdən məhdudiyyət qoymaması nəticəsində Nahid Şəmşirovun 2023 cü ilin may ayının axırlarında ölkədən qaçmasına səbəb olub: 

"İstintaq dövründə heç bir üzləşmə İstintaq hərəkətləri həyata keçirilməyib. İttiham aktında yalançı, böhtan xarakterli məlumatlar əksini tapıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə məhkəmə iclasları  keçirilir. Hakim Samir Əliyev işə prokurorluğun təsiri ilə qeyri-obyektiv, qərəzli şəkildə baxır. 1 il 3 aydan artıq gedən məhkəmə prosesləri zamanı 6 nəfər şahidin iştirakı təmin olunmayıb". 

Hakim Samir Əliyev

Hazırda oğlunun Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyini deyən ana ölkə başçısından kömək istəyir: "Oğlum Babayev İlkinlə kobud şəkildə, təhqirlərlə, hədə  qorxu ilə danışılır. Bu qanunsuz hərəkətlərə etiraz olaraq oğlum saxlanıldığı Bakı İstintaq Təcridxanasında yeməkdən imtina edərək aclıq elan edib, 14.07.2024-cü il tarixdə özünə qəsd etmək məqsədilə xörək qaşığı  udub. Penitensiar Xidmətin müalicə müəssisəsində bir müddət qaldıqdan sonra  bədənində yad cisim qalaraq təcridxanaya qaytarılıb. Hazırda vəziyyəti  ağırdır.  Bu vəziyyətdə aclıq aksiyasını davam etdirir. Çəkisi görünəcək dərəcədə azalıb. Bədənində çoxlu sayda səpkilər var".

"Qeyd olunanları nəzərə alaraq xahiş edirəm  adları çəkilən prokurorluq və məhkəmə əməkdaşlarının qanunsuz hərəkətləri barədə ciddi tədbir görəsiniz. Bildirmək istərdim ki, oğlum Babayev İlkin Əbülfəz oğlu sabiq polis zabitidir. Sizin humanistliyinizə bir ana kimi çox inanıram", - deyə Solmaz Zeynalova bildirib. 

Penitensiar Xidmətdən İlkin Babayevin aclıq aksiyası etməsi və səhhəti ilə bağlı məlumat öyrənmək mümkün olmayıb. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow