Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər

Oct 1, 2024 - 16:55
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər

Rusiyada qarğıdalının məhsuldarlığı ötən illə müqayisədə kəskin şəkildə azalıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, sentyabrın 26-na olan məlumata görə, 651,1 min hektarda və ya ümumi qarğıdalı sahəsinin təxminən 24,8%-də yığım başa çatıb.

Bildirilir ki, hər hektardan orta məhsuldarlıq 39,3 sentner təşkil edir ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azdır.

Rusiyanın Taxıl İxracatçıları İttifaqının proqnozuna əsasən, bu il 12,7 milyon ton qarğıdalı yığılacağı gözlənilir. Bu göstərici ötən illə müqayisədə 15% azdır. Kənd Təsərrüfatı Bazarının Araşdırmaları İnstitutu isə bu il 12 milyon ton  məhsul yığılacağını proqnozlaşdırır. Bu da 2018-ci ildən sonra ən aşağı göstərici hesab olunur.

Rusiyanın əksər regionlarında qarğıdalının məhsuldarlığı azalıb. Ölkə üzrə qarğıdalı əkin sahəsinin 17%-nə sahib olan Krasnodar diyarında məhsuldarlıq 54% azalıb. Voronej bölgəsi ümumi əkin sahəsinin 8% -ni təşkil edir ki, burada da məhsuldarlıqda 27% azalma var.  Ölkə üzrə qarğıdalı əkin sahəsinin 12%-nə sahib olan Tambov və Stavropol bölgələrində məhsuldarlıq 44% azalıb.

Ekspertlər hesab edirlər ki, məhsuldarlığın azalmasında əsas səbəblərdən biri əlverişsiz hava şəraiti, digəri isə keyfiyyətsiz toxumlar olub. Ekspertlərin fikrincə, bu il qarğıdalı bazarında saxta məhsulların payı 15%-ə çatıb. Fermerlər bu il nisbətən baha olan məhsuldar toxumların əvəzinə ucuz toxuma üstünlük veriblər ki, onların da məhsuldarlığı aşağı olub.

Onu da bildirək ki, Rusiyada qarğıdalı yığımının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub. Rusiya mətbuatı yazır ki, ölkə daxilində qarğıdalının qiyməti təxminən 20% bahalaşıb.

Məlumat üçün bildirək ki, Azərbaycan da qarğıdalı və qarğıdalı yağlarını əsasən Rusiyadan idxal edir. Rusiyadakı qarğıdalı qıtlığı və qiymətlərin yüksəlməsi Azərbaycana gətirilən qiymətlərə də təsir edə bilər.

Bu ilin ilk 7 ayında Rusiyadan Azərbaycana 4 min 869 ton qarğıdalı yağı idxal olunub ki, bu da ümumi idxalın 73%-ni təşkil edib. Rusiyadan idxal olunan qarğıdalı yağının 1 kiloqramının orta gömrük dəyəri 1,4 dollar (2,3 manat) olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow