Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
“Diskiya Akademiyası olaraq ofisimizi köçürmüşük. Yasamal rayonu Şərifzadə küçəsində böyük bir ofisi kirayə etmişik. Sentyabrın 1-dən burada fəaliyyət göstəririk. COP29-la əlaqədar İcra Hakimiyyəti qərar verib ki, bütün obyektlərin üstündə panellər eyni olmalıdır. Yasamal rayonuna düşən panelin rəngi, təxminən, taxta rəngidir.
Gəlib obyektlərin üstünə həmin panelləri quraşdırıblar. Orada işləyən ustalar siqaret qutularını, yeyib-içdikləri hər şeyin zibilini ofisin qabağına töküblər. Gecə vaxtı özüm o zibilləri bir-bir yığıb atdım. Tikinti materialları ağır olduğuna görə, təbii ki, onları daşımaq mümkünsüz oldu. Əməkdaşlarımın hamısı, demək olar, qızlardır. Ümumiyyətlə, bu, bizim işimiz deyil...”
Pravda.az xəbər verir ki, bu sözləri Akademiyanın rəhbəri Cəlalə Nəzəroğlu deyib.
“Bu işə rəhbərlik edən Ramin adında şəxslə əməkdaşlarımız dəfələrlə danışdılar ki, məsələni həll etsinlər. “Bu gün, sabah...” deyib uzatdı. Həmin adama zəng etdim, mədəni şəkildə “sabahınız xeyir, mən filankəsəm, sizin əməkdaşlar...” demişdim ki adam səs tonunu qaldırıb bağıra-bağıra “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?” deyə cavab verdi. Dedim ki, səsinizin tonunu aşağı salın, görün, nə deyirəm. “Mənim nömrəmi sizə kim verib? Mən rəhbərəm, rəhbər” dedi. Bu adam COP29-la bağlı hansısa vəzifəyə təyin olunub, özünü öz gözündə nə qədər böyüdübsə, telefonda mənə ağzına gələni dedi. Ağzımı açmağa imkan vermədən telefonu söndürdü. Ona səsli mesaj göndərdim ki, bu davranışla sizi ora vəzifəyə kim təyin edib, bilmirəm. Öz qabında olmayan onun kimilər at oynadırlar. Amma savadı, təcrübəsi, əsas da şəxsiyyəti ilə ən uca vəzifədə oturmalı olan insanlar, çox təəssüf ki, küncdə-bucaqda qalıblar. O adamın kimliyini bilmirəm, amma COP29-a rəhbərlik edən şəxslər, sizə deyirəm ki, belə adamlar at oynadırlar, biləsiniz. Ramin, sən kimsən, mən bilmirəm. Ümumiyyətlə, səndən qorxmuram. Yekə-yekə danışmağın, üstümə bağırmağın... Sən kimsən? “Rəhbər şəxs”... İstənilən rəhbər şəxsə istənilən vətəndaş zəng edə bilər. Gedin şəxsiyyət, vətəndaş olun. Sənin rəhbərini tapıb sözümü deyəcəyəm. Belə at oynadanlara qarşı susmayın. Bu ölkədə heç kim at oynada bilməz. Ədalət də var, hökumət də var, qanun da. Sadəcə, gərək, vətəndaş bunu dilə gətirsin”, - o bildirib.
Xəbərə reaksiyanız necə oldu?