Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi

Oct 1, 2024 - 10:51
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi

“Gerlift Group” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Gerlift Group” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. 22 min manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi, təsisçisi və direktoru Nəcəfov Tural Rahim oğludur.

T.Nəcəfov bir müddət əvvəl sabiq deputat Hacı Salayevə qarşı 157 min manat dələduzluq etməkdə təqsirli bilinib. Belə ki, o, eks-deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulunu ələ keçirib. T.Nəcəfov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow