“Aşıq Ələsgərin abidəsi üçün 307 min xərclənməsi qiymətin dəfələrlə şişirdilməsi deməkdir” – İqtisadçı

Oct 18, 2024 - 14:53
“Aşıq Ələsgərin abidəsi üçün 307 min xərclənməsi qiymətin dəfələrlə şişirdilməsi deməkdir” – İqtisadçı

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub.

Yeniavaz.com xəbər verir ki, abidənin açılışından sonra Aşıq Ələsgərin heykəli sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub.

Aşıq Ələsgərin abidəsinin el sənətkarına layiq olduğunu bildirənlərlə yanaşı, heykəl barədə tənqidi fikir səsləndirənlər də olub. Heykəl barədə tənqidi fikirlər səsləndirənlər arasında ictimaiyyət arasında tanınan şəxslər də olub.

İqtisadçı-ekspert Allahverdi Aydın isə yeniavaz.com saytına abidənin hazırlanması zamanı xərclənən vəsait barədə danışıb. Ekspert bildirir ki, Aşıq Ələsgərin abidəsinin hazırlanması üçün Mədəniyyət Nazirliyi “Vest-LTD” QSC adlı şirkətə 307 min manat vəsait ayırıb: “Bu pula abidənin hazırlanmasında istifadə olunan material, abidənin ucaldılacağı sahənin memarlıq planlaması, həmçinin abidənin qoyulması və tikinti işləri daxil olub. Heykəlin hazırlanması üçün memara ödənilən vəsait bu məbləğə, yəni 307 min manata daxil deyil”.

İqtisadçı-ekspertin sözlərinə görə, Aşıq Ələsgərin heykəli bürüncdən hazırlanıb: “Bildiyimiz kimi bürünc digər metallardan öz sərtliyi ilə seçilir. Bu səbəbdən heykəllər daha çox bürüncdən hazırlanır. Eyni zamanda heykəllərin bürüncdən hazırlanması iqtisadi baxımdan da səmərəli hesab olunur. Bürünc mis-sink ərintilərindən əldə olunan metaldır. Bürüncün 1 tonu təxmini qiyməti 10 min manat civarındadır. Aşıq Ələsgərin heykəlinin çəkisinin nə qədər olduğu barədə rəsmi açıqlama verilməyib. Amma mətbuatda yayılan məlumatlardan belə görünür ki, heykəlin çəkisi 3 tona bərabərdir. Abidənin digər elementləri isə mərmərdən hazırlanıb və mərmərin də satış qiyməti məlumdur. Abidənin ətrafında nə qədər mərmər istifadə olunduğunu adi gözlə təxmini hesablamaq olar. Orada ən çox 10 kv. metr əraziyə mərmər plitələr döşənib. Bunu da ən yükəsk qiymətlə hesablasaq, 10-15 min manatadan artıq vəsait xərclənməz. Belə olan halda abidə üçün 307 min xərclənməsi qiymətin dəfələrlə şişirdilməsi deməkdir”.

Allahverdi Aydın bildirir ki, abidənin hazırlanmasında iştirak edən şirkət - “Vest-LTD” QSC barəsində indiyə kimi mətbuatda çoxsaylı tənqidi məlumatlar yayılıb: “Bu şirkət əsasın təmir-tikinti ilə bağlı tenderlərdə qalib olub. Barəsində çoxsaylı iddialar var. Aşıq Ələsgərin heykəlinin hazırlanması prosesinə belə bir şirkəti cəlb etmək doğru qərar deyil. Dövlət büdcəsindən milyonlarla manat vəsait alan bu şirkətin nəinki veb saytı, adi sosial şəbəkə hesabları belə yoxdur”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow