Millətin səfərbərliyi və müttəfiqlər üçün sınaq: Zelenskinin "qələbə planı"na ilk reaksiyalar

Oct 17, 2024 - 18:45
Millətin səfərbərliyi və müttəfiqlər üçün sınaq: Zelenskinin "qələbə planı"na ilk reaksiyalar

Prezident Volodimir Zelenskinin çərşənbə günü Ali Radada təqdim etdiyi "qələbə planı” həm Ukraynada, həm də Qərb müşahidəçiləri arasında müzakirələrə səbəb olub. Zelenskinin çıxışı üç ildir Rusiya ilə müharibədə olan xalqı birləşdirmək istəyi kimi qiymətləndirilib. Plan plana çox bənzəmədiyi üçün tənqid edilib və Qərb mediası və ekspertləri bunun Kiyevin müttəfiqləri üçün ciddi sınaq olacağı ehtimalını irəli sürüblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media” yazır.

Qələbə Planına beş əsas məqam daxildir:

* NATO-ya dərhal dəvət;

* əlavə silahların tədarükü və onların Rusiya ərazisinə zərbə endirməsinə icazə;

* Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və müharibədən sonra Ukrayna ilə iqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən yataqların birgə işlənməsi;

* Rusiyanı cilovlamaq üçün müharibədən sonra Ukraynada "qeyri-nüvə qüvvələri”nin yerləşdirilməsi;

* Müharibədən sonra NATO və Avropanı qorumaq üçün Ukrayna ordusundan istifadə.

Planda üç məxvi əlavə də var. Ukrayna prezidentinin müşaviri Mixail Podolyak "Strana.ua” nəşrinə izah edib ki, məxfi əlavələr Rusiyaya qarşı zərbələrə həsr olunublar. Onun sözlərinə görə, əlavələrdə hədəflərin və tələb olunan silahların siyahıları var.

Ukrayna sosial şəbəkələrinin və siyasətçilərinin reaksiyası. "Kiyev Post” yazır ki, "Qələbə planı” mahiyyətcə Qərb müttəfiqləri üçün təkliflər, istəklər və tələblər toplusudur. "Bəs buna kimsə "Yox” desə? Onda nə olacaq?, deyə nəşr Ukrayna Silahlı Qüvvələrinin zabitinin reaksiyasından sitat gətirir.

Bunu dəqiq plan adlandırmaq çətindir, çünki bu, daha çox ehtiyaclar toplusudur, ukraynalı politoloq İqor Reyteroviç UNIAN xəbər agentliyi üçün köşə yazısında yazır. "Biz çox az detal eşitmişik... Mənə elə gəlir ki, bu aksiyanın ictimai təqdimatla keçirilməsində əsas məqsəd Co Baydenin Almaniyaya səfəri ərəfəsində tərəfdaşlara "pas” ötürməkdir”, deyə politoloq qeyd edib. 

Ali Radanın müxalifətçi deputatı Aleksey Qonçarenko bildirib ki, plan reallıqdan uzaqdır. "Bəli, bizim istədiyimiz budur. Amma reallıqda biz tələb edirik və heç nə almırıq. Biz demək olar ki, hər şeyi tərəfdaşlarımızın üzərinə qoymuşuq”, deyə siyasətçi yazıb.

Prezidentin partiyasının üzvü Roman Lozinski yazıb ki, Zelenski planın həyata keçirilməsinə necə nail olacağını izah etməyib. Lakin deputatın sözlərinə görə, bunun açıqlanmasının labüdlüyü fakt deyil. Eyni zamanda, Lozinski qeyd edib ki, əvvəllər Patriot, F16, Rusiyanın Qara Dəniz Donanmasının əhəmiyyətli hissəsinin batırılması və Kursk vilayətinin bir hissəsinə nəzarət fantastik görünürdü.

"Qolos” partiyasından deputat Solomiya Bobrovskaya deyir ki, Zelenskinin planı tərəfdaşların son aylardakı şikayətlərinə, dondurulması və danışıqların başlanması ilə bağlı tövsiyə və mesajlarına müvafiq cavabdır. Eyni zamanda, o, planın "prioritetləri İsrail və Tayvan olan” Ukraynanın müttəfiqlərini maraqlandıracağına şübhə edib.

"Çoxları gözləyirdi ki, Zelenski öz çıxışında səfərbərlik və 2022-ci ildən döyüşən hərbçilərin evə qayıtması mövzusuna toxunacaq, lakin bu baş vermədi", deyə "Kyiv Post” yazır.

Qeyd edək ki, Zelenski bu il ilk dəfə Ali Radada çıxış edib. Ukraynalı ekspertlər bunu müharibədən yorulmuş xalqa müraciət etmək cəhdi kimi qəbul ediblər, "The New York Times” (NYT) yazır. Kiyev-Mogilyov Akademiyasının professoru Aleksey Qaranın sözlərinə görə, prezident Rusiya ordusunun ölkənin şərqində irəliləməsi ilə bağlı əhval-ruhiyyənin pisləşməsi fonunda ictimai dəstəyi səfərbər etməyə çalışır.

ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun NYT-yə bildirib ki, Zelenskinin planı Ukraynanın əvvəlki daha çox hərbi yardım çağırışları ilə səsləşir. O, bu formada planın Ukraynanın müttəfiqləri arasında dəstək tapacağına şübhə edib.

"Reuters” yazır ki, plan dünyanın ən böyük nüvə arsenalına malik ölkəyə qarşı müharibənin eskalasiyası qorxusunu dəf edərək, Ukraynanı dəstəkləmək üçün milyardlarla dollar xərcləyən Kiyevin əsas müttəfiqlərinin siyasi iradəsinin əsas sınağı olacaq.

Alyansın yüksək rütbəli rəsmisi "The Washington Post”a bildirib ki, cümə axşamı günü NATO müdafiə nazirləri ilə şam yeməyi zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov plana daha çox işıq salacaq. NYT yazır ki, cümə axşamı Zelenski bu planı Aİ liderlərinin Brüsseldə keçiriləcək sammitində təqdim etməlidir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow