“Azerspace-2”ni artıq “Qala” yox, “Paşa” sığortalayacaq – Qiymət də 2 dəfə artdı

Oct 11, 2024 - 07:28
“Azerspace-2”ni artıq “Qala” yox, “Paşa” sığortalayacaq – Qiymət də 2 dəfə artdı

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderin nəticəsinə əsasən, “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (26.09.2024 – 26.09.2025) “Azerspace-2” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək.

Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 1 milyon 581 min manat ödəyəcək.

Məlumatda bildirilir ki, “Azerspace-2” peykinin dəyəri 81 milyon ABŞ dollarına (138 milyon manat) bərabərdir.

Qeyd edək ki, bundan əvvəl “Azerspace-2” peykinin sığortalanması xidmətlərini “Qala Sığorta” ASC (VÖEN- 1700066901) həyata keçirib. “Azərkosmos” “Azerspace-2”nin bir ilik sığortası üçün “Qala Sığorta”ya 865 min 300 manat ödəyib.

Açıqlanan məlumatlardan da göründyü kimi, “Azərkosmos” eyni xidmət üçün “Paşa Sığorta”ya “Qala Sığorta”ya ödədiyi vəsaitdən təxminən 2 dəfə çox vəsait ödəyəcək.

Onu da bildirək ki, bu ilin iyun ayında “Azərkosmos” başqa bir peykin – “Azerspace-1” peykinin sığortalanması xidmətlərini də “Paşa Sığorta”ya həvalə edib.  “Paşa Sığorta” ASC bir il müddətində (04.06.2024-04.06.2025) “Azerspace-1” peykinin sığortalanması xidmətləri üçün “Azərkosmos”dan 1 milyon 436 min 500 manat alacaq.

Daha əvvəl Azərbaycanın müşahidə peyki olan “Azersky” peyki də “Paşa Sığorta” ASC tərəfindən sığortalanıb. 2022-ci ildə “Azərkosmos” 45 milyon manat dəyəri olan “Azersky” peyki üçün “Paşa Sığorta”ya 518 min manat sığorta haqqı ödəyib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow