İyirmi bir illik tərəqqi və zəfər yolu ŞƏRH

Oct 15, 2024 - 18:25
İyirmi bir illik tərəqqi və zəfər yolu ŞƏRH

"...Biz bu gün Xankəndinin mərkəzindəyik, üzərində Azərbaycan Gerbi olan əzəmətli binanın qarşısında, Azərbaycan Bayrağı altında dayanmışıq. Bu, böyük xoşbəxtlik olduğu qədər də tarixi hadisədir. Azərbaycan xalqı dillərdə əzbər olan elə bir Qələbə qazanıb ki, bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Bu fikirləri 2003-cü ilin oktyabrın 15-də Azərbaycan xalqının milli mənafeyini və maraqlarını, Azərbaycan dövlətini və dövlətçiliyini müdafiə edəcəyinə and içmiş Prezident İlham Əliyev həmin günün 20-ci ildönümündə tarixi Zəfərin rəmzi olaraq üçrəngli Bayrağımızı Xankəndi şəhərində ucaldarkən söyləmişdi.

Azərbaycan xalqını bu şanlı Qələbəyə aparan yolda Prezident İlham Əliyev rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi böyük cəsarət və qətiyyətlə düz 20 il addımladı. Bu addımların səsi dünyanın hər yerində - Moskvada, Nyu-Yorkda, Parisdə, Pekində, o cümlədən əzəli türk torpağında - Rəvanqulu xanın doğma yurdu İrəvanda da eşidilməkdə idi. Bu addım səslərindən qorxuya düşən düşmənlər öz havadarlarının dəstəyi ilə hələ də müxtəlif "planlar" cızır, məkrli "yol xəritələri" hazırlayırdılar. Beləcə, illər uzunu mənəviyyatla mənəviyyatsızlıq, insanlıqla vəhşilik, ləyaqətlə ləyaqətsizlik, mərdliklə namərdlik yan-yana addımladı. Dədə Qorqud öyüdləri, Nizami Gəncəvi nəsihətləri işığında əsrlər boyu sülh, ədalət və xeyirxahlıq ruhunda yaşayıb-yaratmış xoşniyyətli bir xalqın övladları XXI əsrin astanasında misli görünməmiş vəhşiliklə üzləşmişdi. Torpaqlarımız işğal edilmiş, soydaşlarımız doğma yurdlarından qovulmuşdu. Dünya isə baş verənlərə susmaqda idi. 2016-cı ilin Aprel döyüşləri, daha sonra Günnüt əməliyyatı, 44 günlük Vətən savaşı və antiterror tədbirləri nəticəsində işğaldan, qaçqınlıqdan və ümidsizlikdən doğan bütün iztirablara son qoyuldu. Prezident İlham Əliyevin məharətli siyasəti və onun ətrafında “dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqının iradəsi düşmənin bütün planlarını məhv edərək doğma torpaqlarımızı işğaldan azad etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, beynəlxalq təşəbbüsləri, qlobal təhlükəsizliyə verdiyi töhfələri ilə Azərbaycanı dünyanın sayılıb-seçilən ölkəsinə çevirən İlham Əliyevin uğurlu hərbi-siyasi addımları xalqımızın milli qürur və heysiyyətini özünə qaytardı. Antiterror əməliyyatı nəticəsində Qarabağdakı quldur yuvası kökündən dağıdıldı, erməni separatizmi məhv edildi. Azərbaycanlılara qarşı soyqırımları həyata keçirən, qətliamlar törədənlər əlləri qandallı halda Bakıya ədalət mühakiməsinə gətirildilər. İndi onlar Azərbaycan qanunları qarşısında törətdikləri cinayət əməllərinin hesabını verirlər.

Deputatın sözlərinə görə, oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Əsgəranda, Xocalıda, Sərsəngdə, Ağdərədə bayrağımızı ucaltması tarixi Zəfərin mənəvi məzmununu dolğunlaşdıran müstəsna hadisə idi. Dövlətimizin başçısı Azərbaycan xalqının qəlbində illərdir sızlayan sağalmaz Vətən yarasına bayraqla məlhəm qoydu.

“Xankəndi və Şuşa şəhərləri Azərbaycan üçün həmişə mənəviyyat ünvanı olub. Bu şəhərlərin mənəvi dəyəri onların siyasi əhəmiyyətindən qat-qat üstün olub. Bu mənada, dövlətimizin başçısının Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması milli mənəviyyatımıza vurulan yaranın sağaldılması demək idi. Bununla Azərbaycan bütün suveren əraziləri üzərində öz hakimiyyətini de-fakto və de-yure bərpa etdi, Azərbaycan ərazilərində separatizmin kökünün birdəfəlik kəsildiyini bütün dünyaya elan etdi.

Dünya hərb tarixində misilsiz döyüş taktikası ilə müstəsna yer tutan Qarabağ Zəfəri İlham Əliyevin Ali Baş Komandan kimi misilsiz sərkərdəlik məharətini üzə çıxardı. Ali Baş Komandan İlham Əliyev iti zəkası, xalqa dərin inamı və siyasi iradəsi ilə Azərbaycan xalqının düşmənləri üzərində qazanılmış tarixi Zəfərin ssenari müəllifi oldu. Azərbaycan Ordusunun döyüş cəbhələrində göstərdiyi qəhrəmanlıqlarla yanaşı, ölkə rəhbərinin beynəlxalq diplomatiya müstəvisində yürütdüyü qətiyyətli, çevik və çoxşaxəli uğurlu siyasəti tarixi Zəfərimizi təmin etdi. Bu tarixi Zəfər sayəsində Azərbaycan Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar yaratdı. Azərbaycana rəhbərlik etdiyi əsrə bərabər 21 illik zaman kəsiyində ölkəmizin hərbi qüdrətinin, beynəlxalq və iqtisadi nüfuzunun davamlı olaraq artırılması istiqamətlərində qətiyyətlə çalışan İlham Əliyevin Şərqi Zəngəzurun və Qarabağın bütün ərazilərində azadlıq, milli birlik və suverenlik rəmzi olan üçrəngli Bayrağımızı ucaltması Azərbaycan xalqını qalib xalqa, Azərbaycan dövlətini qalib ölkəyə çevirdi.

Rəşadətli Azərbaycan Ordusunun 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində qazanılan tam və qəti qələbə dünya ictimaiyyətinə bir daha sübut etdi ki, Azərbaycan regionda prosesləri idarə edən tərəfdir, sülhün, əmin-amanlığın, birgəyaşayışın və sabitliyin əsas qarantıdır. Prezident İlham Əliyev Cənubi Qafqazdakı siyasi-hərbi dəyişikliklərin müəllifi olmaqla yanaşı, bugünkü əmin-amanlıq şəraitində də regionun inkişaf meyillərini istiqamətləndirən böyük strateqdir. Onun hələ illər öncə atdığı strateji addımların nəticəsi hazırda həyatımızın hər bir sahəsində aydın hiss olunmaqdadır”, - deyə C.Feyziyev vurğulayıb.

O əlavə edib ki, çağdaş Azərbaycanın davamlı inkişafını təmin edən önəmli amil Prezident İlham Əliyevin milli maraqlara söykənən və ölkədə davamlı inkişafı təmin edən regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. 2003-cü il oktyabrın 15-də ümumxalq sevgisi ilə ölkə Prezidenti seçildiyi gündən bu günədək bütün regionların inkişafını, sosial-iqtisadi rifahını strateji məqsəd kimi qarşısına qoyan dövlətimizin başçısı bu illər ərzində əhəmiyyətli uğurlara imza atıb. Milli iqtisadiyyat və onun əsas istiqamətləri üzrə strateji “yol xəritələri”, dövlət proqramları və müxtəlif konsepsiyalar əsasında çoxsaylı layihələrin icrası uğurla həyata keçirilib. Ölkə əhalisinin maddi durumunun, sosial rifah halının yaxşılaşdırılması istiqamətində və ictimai həyatımızın bütün önəmli sferalarında demokratik hüquqi dəyərlərin bərqərar olması yönündə inkişafın intensivliyi tam təmin olunub.

“Yüksək diplomatiya, cəsarət, elm ağırlıqlı zəngin dünyagörüşü və ədalətli idarəçilik məharəti ilə seçilən İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan dünya miqyasında özünəməxsus yer və rol almaqdadır.

Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri yerinə yetirməklə hər bir vətəndaşın qəlbində böyük inam və sevgi qazanıb. Bu gün çağdaş müstəqil və suveren Azərbaycanın beynəlxalq miqyasda qazandığı bütün nailiyyətlər hər bir azərbaycanlının Prezidenti olmağı bacaran, xalqa ləyaqətlə xidmət edən İlham Əliyevin əsrə bərabər 21 illik siyasətinin təntənəsidir”, - deyə deputat bildirib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow