"Bəzi məktəb direktorları haqda gələn şikayətlər ört-basdır edilir, kiminsə himayəsində vəzifədə qalır"

Sep 12, 2024 - 08:11
"Bəzi məktəb direktorları haqda gələn şikayətlər ört-basdır edilir, kiminsə himayəsində vəzifədə qalır"

“Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir”. Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, belə hallar mövcuddur. “Məktəb direktorları, valideynlərlə siz görüşürsünüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”, - Emin Əmrullayev qeyd edib.

Etiraf etməliyik ki, nazir bu mövzuda tamamilə haqlıdır. Çünki bəzi məktəb direktorları elə bilir ki, bir məktəbi idarə etmək, sanki ölkəni idarə etməkdir. Təəssüf ki, bu şəxsləri heç nə qorxutmur...

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, direktorlar təyin olunduqdan sonra onların rəhbər olaraq uğurlu olmaları insan faktoru ilə bağlıdır.

“Təkcə Azərbaycandan söhbət getmir, bütün cəmiyyətlərdə deqradasiya gedib. Müəllimlərin çalışdığı mühit kifayət qədər fərqli bir mühitdir. Burada bəzən o qədər fərqli situasiyalar yarana bildiyi üçün məktəb direktoru təyin olunacaq şəxslər yaxşıların yaxşısı olmalıdır. Məktəb direktorlarının və məktəb rəhbərliyinin yerində olması məktəbin uğur qazanması üçün lazım olan önəmli faktorlardan biridir. Təbii ki, təkcə direktor hər məsələni həll edə bilməz. Amma məktəb rəhbəri olaraq, menecer olaraq, idarəedici olaraq direktor fəaliyyətində şəffaflığı, direktorun müdrikliyi və şəxsi keyfiyyətləri çox vacibdir”-deyə İlqar Orucov bildirib.

Bu gün bir təhsil, elm adamı olaraq məktəb direktorlarının fəaliyyətindən razısınızmı?
İlqar Orucov səmimi olaraq etiraf edir ki, bu gün kifayət qədər yerində olmayan məktəb direktorlarımız var.

“Çox təəssüf edirəm ki, onlar paytaxt məktəblərində çalışırlar. Böyük məktəblərin idarə etməsi onlara tapşırılır. Biz bu məsələdə kifayət qədər diqqətli olmalıyıq. Yerində olmayan direktorların məktəb idarə etməsindən uzaqlaşdırılması çox vacibdir. Bir çox hallarda o qədər neqativ hallar olur ki, buna hətta ictimai qınaq lazımdır. Tam səmimi deyim ki, məktəblərdə xoşagəlməz halların mövcudluğunda həm də direktorların kifayət qədər günahı var. Bu da birmənalı olaraq belədir”-deyə İlqar Orucov bildirib.

İlqar Orucov təəssüflə qeyd edib ki, bəzən məktəb direktorları təyin edildikdən sonra özünü məktəbdə “xan” kimi aparır, özünü məktəbin kollektivin dən üstün tutur və özünü toxunulmaz bir şəxs kimi aparır.

“Belə hallar təəssüf ki, mövcuddur. Bu səbəbdən də, məktəb direktorlarının fəaliyyəti daim monitorinq olunmalıdır. Onların fəaliyyəti daim diqqətdə saxlanılmalıdır. Eyni zamanda bu işdə bu ictimai qınaq məsələsində də valideynlər kifayət qədər aktiv olmalıdırlar.

Valideyn özünü məktəbin bir hissəsi hiss etməlidir. Bunu təkcə valideynlərin də üzərinə atmaq olmur. Nəyə görə? Çünki indi biz deyirik ki, “yerində olmayan” direktorlar var. İndi düşünün nə qədər yerində olmayan valideynlər var. Yenə də ağırlıq Elm və Təhsil Nazirliyinin, regional təhsil idarələrinin və rayonlarda olan təhsil sektorlarının üzərinə düşür”-deyə İlqar Orucov bildirib.

Məktəb direktoru necə olmalıdır?

Ekspert bildirib ki, bütövlükdə təhsilə cavabdeh olan, təhsil prosesində olan və təhsilə rəhbərlik edən hər bir şəxs ilk öncə qarşısına öz vicdanını qoymalıdır: “Təhsilin nə qədər bəşəri və nə qədər ümumxalq işi olduğunun fərqində olmalıdır. Eyni zamanda təhsil sahəsində çalışan məmur belə, məmur prizmasından yox, daha çox vicdanlı vətəndaş rolunda çıxış etməlidir. Belə olan halda biz hansısa uğurlardan danışa bilərik.

Mən tam səmimi sizə deyim bəzən elə mənə siqnallar daxil olur ki, məktəb direktoru “at oynadır” və deyir ki, “burada mənəm, Bağdadda kor xəlifə”. Şikayət olur və görürsən ki, o şikayət ört-basdır edilir. Şikayət olunur, görürsən ki, kimsə onu himayə edir. Təhsildə ədalətsiz himayədarlıq olmalı deyil. Mən nazirliyin rəhbərliyinin bu işdə nə qədər prinsipal olduğunu bilirəm. Nazirlikdə olan hər bir məmur öz rəhbərindən və rəhbərinin fəaliyyətindən nümunə götürsə, biz bu istiqamətdə həqiqətən dönüş yarada bilərik”-deyə İlqar Orucov vurğulayıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow