Azərbaycan qadın hakimlərin və vəkillərin sayına görə Avropada autsayderdir

Oct 16, 2024 - 17:48
Azərbaycan qadın hakimlərin və vəkillərin sayına görə Avropada autsayderdir

Çərşənbə günü Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa komissiyası Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair  hesabatı açıqlayıb.

Araşdırma Avropa Şurasının 44 üzv dövlətini və Komissiyanın iki müşahidəçi- dövlətini-İsrail və Mərakeşi əhatə edir.

İki ildən bir hazırlanan hesabatda məqsəd Avropada və onun hüdudlarından kənarda ədalətin mövcudluğunun daha yaxşı başa düşülməsi üçün ədalət mühakiməsi sahəsində siyasətçilərə və mütəxəssislərə praktiki və ətraflı  vasitə təqdim etməkdir.

Hesabatda 2022-ci ilin məlumatları əks olunub. Araşdırmaya görə, Avropa ölkələrində 1 nəfərə düşən orta ədalət mühakiməsi xərcləri 85,4 avro təşkil edib (2020-ci ildə 78,09 avro olub).

Bu parametr üzrə ən yaxşı göstəricilər İsveçrə (245 avro), Monako (217 avro) və Lüksemburqda (193 avro) olub.

Autsayderlər arasında Türkiyə (15,6 avro), Albaniya (15,8 avro), Ermənistan (17 avro) və Azərbaycan (17,7 avro) yer alıb.

Avropa ölkələrində ədliyyə sisteminə xərclərin üçdə ikisi məhkəmələrə, dörddə biri prokurorluğa, qalan hissəsi isə vətəndaşlara yönəldilib.

2020-ci illə müqayisədə prokurorluq xərcləri orta hesabla 12 faiz artıb. Eyni zamanda, ən çox artım Kipr (194 faiz), Azərbaycan (104 faiz) və Gürcüstanda (46 faiz) olub.

Hüquqi yardım Azərbaycanda orta hesabla 1 nəfər üçün 73 avro təşkil edib. Norveçdə isə bu göstərici 3099 avro, Niderlandda 1856 avro, Finlandiyada  1223 avro təşkil edib.

Azərbaycanda hər 100 min nəfərə 461 hüquqi yardım göstərilib. Bu, Avropanın ən aşağı 6 göstəricisindən biridir.

Avropada hər 100 min nəfərə orta hesabla 22 hakim düşür.

İngiltərə və Uelsdə hər 100 min nəfərə 3 hakim düşür.

Ən yüksək göstərici Monakodadır,  100 min nəfərə 102 hakim düşür.

Azərbaycanda 100 min nəfərə 5,4 hakim düşür.

Avropada hakimlərin orta hesabla 57 faizi qadındır. Azərbaycanda hakimlərin yalnız 20 faizi qadındır ki, bu da Avropada ən aşağı göstəricidir. Eyni zamanda, Azərbaycan 100 min nəfərə düşən prokurorların sayına görə - 12,2 nəfər - Orta Avropa göstəricisinə tam uyğundur.

Vəkillərin sayına gəlincə, Avropada orta hesabla 100 min nəfərə 180 müdafiəçi düşür. Ən yüksək göstərici Kiprdədir – 100  min nəfərə 505.

Son illərdə Azərbaycanda vəkillərin sayının xeyli artmasına baxmayaraq, hər 100 min nəfərə cəmi 23 vəkil düşür ki, bu da Avropa üçün aşağı göstərici sayılır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow