Qərb İrana qarşı yeni sanksiyaların tərəfdarıdır, Bayden isə İsrailə cavab zərbələri endirilməsinin əleyhinədir

Oct 3, 2024 - 12:07
Qərb İrana qarşı yeni sanksiyaların tərəfdarıdır, Bayden isə İsrailə cavab zərbələri endirilməsinin əleyhinədir

Çərşənbə günü Birləşmiş Ştatların müttəfiqləri və Yeddilər Qrupu (G7) İsrailə hücumla əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq etmək barədə razılıq əldə ediblər. Xəbəri Dövlət Departamenti yayıb.

"İranın yeni addımlar atdığını gördükdə, biz buna reaksiya vermək üçün yeni üsulları müəyyən etmək məqsədilə tərəfdaşlarımızla işləyirik", deyə mətbuat katibi Metyu Miller gündəlik brifinqdə bildirib. 

"Biz həmişə İrana qarşı sanksiyalar tətbiq etməyin yeni üsullarını tapa və ya mövcud sanksiyalarımıza riayət olunmasını gücləndirə bilərik. Bu tədbirləri indi də nəzərdən keçiririk", deyə o, Turan-ın müxbirinin sualına cavab olaraq əlavə edib. 

Millerin şərhləri prezident Baydenin jurnalistlərə İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləmədiyini bəyan etməsindən sonra səslənib.

"G7 üzvü olan yeddi ölkənin hamısı İsrailin cavab vermək hüququna malik olduğu, lakin proporsional cavab verməli olduğu ilə razıdır", deyə Bayden bildirib.

Ağ Ev həmçinin bildirib ki, İranın raket hücumundan sonra gələcək addımları müzakirə etmək üçün İsrail məmurları ilə əlaqə saxlayıb. Baydenin İsrail baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparacağı gözlənilir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow