Şəki sakininin əsassız həbs olunduğu deyilir

Oct 18, 2024 - 17:24
Şəki sakininin əsassız həbs olunduğu deyilir

Şəkidə vətəndaşın polis şöbəsində təzyiqə məruz qaldığı və səbəbsiz həbs olunduğu deyilir.

Şəki rayonun sakini Məzahir Cəlilovun yaxınları Turana bildiriblər ki, o, oktyabrın 8-də saxlanılıb: "Şəkinin Kiçik Dəhnə kəndində yol getdiyi yerdə saxlayıblar, gətiriblər şöbəyə. Guya şöbədə bərk səslə danışırdı deyə ona 15 sutka həbs verdilər. Şəki Polis Şöbəsində saxlanılır. Hazırda da yanına getməyə imkan vermirlər. İki dəfə Məzahirlə telefon danışığı olub. Birində ağlayıb deyib ki, məni döyürlər, bu gün də danışmışıq dedi ki "mənim günüm it günüdür".

Yaxınlarının sözlərinə görə, M.Cəlilov günahsız olduğunu deyir: "Onu niyə döyürlər? Yüksək səslə danışdığına görə polis şöbəsində döymək olar? İki körpə balası, gözü görməyən anası var. Özü də kirayə qalır. Onun günahı nədir, biz onu tapa bilmirik. Yanına vəkili də buraxmırlar, güya Məzahir vəkildən imtina edib. Elə bir adam olarmı vəkillə danışmaq istəməsin?"

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Turanın sorğusuna cavab olaraq bildirilib ki, Məzahir Cəlilov hüquqazidd hərəkətlərə yol verdiyi üçün barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib: "M.Cəlilova qarşı fiziki güc tətbiq edilməsi və hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmasına əngəl yaradılması barədə iddialar əsassızdır, şəxsi mülahizələrdir".

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow