Rusiya Qərblə münasibətlərdə artan gərginlik şəraitində Azərbaycana maraq göstərir

Oct 5, 2024 - 09:42
Rusiya Qərblə münasibətlərdə artan gərginlik şəraitində Azərbaycana maraq göstərir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin  direktoru Sergey Narışkin bu həftənin əvvəlində Bakıya gəldi, Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan kəşfiyyat xidmətlərinin vəzifəli şəxslərilə yüksək səviyyəli görüşlər keçirdi ki, bu da Rusiyanın Cənubi Qafqaza olan strateji marağını önə çəkən addım kimi qəbul edilir.

Oktyabrın 2-3-də baş tutan səfər həm Rusiya, həm də Azərbaycan rəhbərliyi tərəfindən artan antiqərb ritorikası fonunda Moskvanın regionda öz təsirini gücləndirmək niyyətini ortaya qoyur.

Bildirilir ki, danışıqlar zamanı Narışkin və Əliyev kəşfiyyat sahəsində ikitərəfli əməkdaşlığa dair geniş məsələləri müzakirə ediblər, terrorizmlə mübarizəyə və Qərbin təsirinə qarşı mübarizə tədbirlərinə xüsusi diqqət yetiriblərr. Xarici Kəşfiyyat Xidmətinin dərc etdiyi bəyanata əsasən, tərəflər Qərb xüsusi xidmət orqanlarının Rusiya və Azərbaycanda "daxili siyasi sabitliyin pozulmasına yönəlmiş düşmənçilik səylərini" müzakirə ediblər və xarici təhdidlərə qarşı əməkdaşlığın möhkəndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan tərəfin barəsində məlumat vermədiyi səfər Moskva və Bakı arasında dərinləşən yaxınlaşmanı əks etdirir. Narışkinin Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərlərilə görüşləri Xarici Kəşfiyyat Xidməti tərəfindən konstruktiv, qarşılıqlı faydalı və hər iki ölkənin milli maraqlarının qorunmasına yönəlmiş kimi xarakterizə olunub.

Bu yaxınlaşma prezident Əliyevin ABŞ və onun müttəfiqlərinə qarşı öz tənqidlərini kəskin şəkildə artırdığı, onları Azərbaycana qarşı "nankorluq" siyasəti yürütməkdə ittiham etdiyi vaxtda baş verir. Cümə günü Cəbrayıl rayonunun sakinləri qarşısında çıxış edən Əliyev Vaşinqtonu bu yaxınlarda Amerika qanunvericilərinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışına görə tənqid edib. O, ABŞ Dövlət Departamentinə işarə edərək Bakının mövqeyini pozmaq üçün bu təşəbbüsləri təşkil etdiyini deyib.

"Altmış ermənipərəst Konqres üzvü Azərbaycana qarşı yeni sanksiyalara çağırıb. Bu, düşmənçilik siyasətidir, ancaq bizim iradəmizə təsir də bilməz”, - Əliyev bildirib. “Özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”. O, ABŞ-ı ikili standartlara görə tənqid etməyə davam edərək xatırladıb ki, 1992-ci ildə ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran 907-ci düzəliş  Əfqanıstanın işğalı zamanı Bakının dəstəyi tələb olunanda ləğv edildi. “Onlar ki  Əfqanıstandan qaçdılar - özü də bütün dünyanın gözü qarşısında - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Hansı dostluqdan söhbət gedə bilər?”, - Əliyev deyib və əlavə edib ki, Azərbaycan onların icazəsi olmadan öz ərazi bütövlüyünü bərpa etdiyinə görə Qərb dövlətləri Azərbaycanı bağışlaya bilmirlər.

Əliyevin bəyanatları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov tərəfindən dəstəklənib. O bildirib ki, Qərb ölkələri Cənubi Qafqazda BMT missiyası adı altında NATO-nun sülhməramlı kontingentini yerləşdirməyə can atırlar. Astanada MDB təhlükəsizlik üzrə vəzifəli şəxslərin görüşündə çıxış edən Bortnikov deyib ki, hazırda Ermənistan və Azərbaycan sərhədində yerləşmiş Avropa İttifaqı müşahidəçi missiyası NATO-nun konkret ölkələrinin maraqlarına uyğun olaraq kəşfiyyat əməliyyatları aparırlar.

“Amerikalılar və avropalılar Zaqafqaziyada sabitliyin bərqərar olmasında maraqlı deyillər. Yerevanı Bakı ilə danışıqların uzanmasına təhrik edən Qərb nizamlanma prosesini istiqamətləndirməyə və regionda öz "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır.

Bortnikovun açıqlamaları getdikcə Qərbi postsovet məkanında sabitliyi pozan bir qüvvə kimi təqdim edən Rusiya rəsmiləri tərəfindən dəstəklənən daha geniş bir narrativə uyğundur. Bortnikovun sözlərinə görə, NATO-nun məqsədi Ermənistanı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) asılılıqdan kənarlaşdırmaq və onu Qərb təhlükəsizlik strukturlarına daha geniş inteqrasiya etməkdir.

Avropa İttifaqı ilk dəfə 2023-cü ilin fevralında Ermənistanda müşahidə missiyasını təsis edərək, Ermənistan-Azərbaycan sərhədini müşahidə etmək və hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün mandatı olan 100 nəfəri yerləşdirib. 2023-cü ilin dekabrında missiya 209 nəfərə qədər genişləndirilib ki, bu da Moskva tərəfindən kəskin tənqid edilib.

Bortnikov xəbərdarlıq edib ki, Qərbin Cənubi Qafqazda öz iştirakını konsolidasiya etmək cəhdləri keçmiş Sovet İttifaqının digər hissələrinə yayılaraq Belarus, Baltik ölkələri, Polşa və Moldovanı daha geniş münaqişə şəbəkəsinə cəlb edə bilər. O qeyd edib ki, NATO-nun regionda iştirakı uzunmüddətli sabitliyə töhfə verməyəcək.

Narışkin və Bortnikovun koordinasiya edilmiş məlumatları Rusiyanın artan geosiyasi rəqabətlə üzləşərək Cənubi Qafqazda öz mövqeyini nə dərəcədə yenidən nəzərdən keçirdiyini göstərir. Moskva üçün Azərbaycanda - Xəzər regionunun sabitliyində mühüm rol oynayan və enerji resursları ilə zəngin ölkədə - strateji platsdarmın saxlanması çox vacibdir. Eyni zamanda, görünür, Bakı Qərbin onun suverenliyini məhdudlaşdırmaq cəhdlərinə qarşı Moskva ilə münasibətlərindən  istifadə edərək Rusiyaya ilə yaxınlaşmağa hazırdır.

Lakin Azərbaycanın Rusiyaya doğru istiqaməti risksiz deyil. Öz ritorikasına baxmayaraq, Bakı Moskva və Qərb arasında incə balansı saxlayır, Qərb investisiyalarını alqışlayır və Rusiya ilə təhlükəsizlik sahəsində sıx əlaqələr qurur. Bu tarazlıqda istənilən mühüm dəyişiklik Bakının xarici siyasət strategiyasını çətinləşdirə bilər, xüsusən də böyük güclərin maraqlarının toqquşduğu Xəzər hövzəsinin fırtınalı sularında manevr etməyə can atdığı şəraitdə.

Mehman Əliyev

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow