Rusiya Hindistan və Çin arasında: Üçbucaqdakı oyun nəyə gedir?

Oct 21, 2024 - 10:27
Rusiya Hindistan və Çin arasında: Üçbucaqdakı oyun nəyə gedir?

"Təcavüzün nəticəsindən asılı olmayaraq, Rusiya əsas uduzan tərəf olacaq".

Qaynarinfo xəbər verir ki, bu sözlər amerikalı iqtisadçı, "Atlantic Council”in baş elmi işçisi Anders Aslundun yazısında yer alır.

Müəllif yazır:

"Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi xeyli geosiyasi dəyişikliklərə səbəb olur. Üç böyük ölkə-Rusiya Federasiyası, Hindistan və Çin burada xüsusi maraq doğurur. Müharibə onların hər birinə əhəmiyyətli dərəcədə təsir göstərir və çox şey artıq başa düşüləndir. Əsas qalib Çin, əsas uduzan Rusiya, Hindistan isə iki stul arasında narahat mövqe qazanıb.

Təcavüzün nəticəsindən asılı olmayaraq, Rusiya əsas uduzan tərəf olacaq. Müharibələr baha başa gəlir və Rusiya iqtisadiyyatı 2014-cü ildən bəri orta hesabla ildə cəmi 1% artıb. Bütün gizli xərclər də daxil olmaqla, Moskva bu il müharibəyə təxminən 190 milyard dollar və ya ÜDM-nin 10%-ni xərcləyəcək. Putin indicə Rusiya silahlı qüvvələrinin sayını 2,4 milyona çatdırmaq barədə fərman verib ki, bunun da 1,5 milyonu əsgərdir. Rusiya Federasiyasında işsizlik səviyyəsi cəmi 2,4% olduğu üçün əmək bazarı çox məhduddur. Yüz minlərlə rus əsgəri öldürülüb və ya şikəst olub. Bir milyona yaxın sağlam, savadlı rus Kremlin barbar rejimindən qaçıb, çünki Putinin rus xalqına təklif etdiyi yeganə şey müharibə və repressiyadır.

Putin Rusiyanı Qərbdən təcrid edib. Sanksiyalar onu Beynəlxalq maliyyə bazarlarında bloklayır. Rusiya ÜDM-in yalnız 2% - i həcmində büdcə kəsirini ödəyə bilər ki, bu da Rusiya milli rifah Fondundan təxminən 40 milyard dollar başa gələcək. Bir il sonra Moskvanın bu vəsaiti də tükənəcək. Və ölkə daxilində daha çox istiqraz satmaq nəticə verməyəcək. Başqa bir xilasetmə variantı: vergilərin artımı (hökumət bunu etməyə çalışır), amma bununla da lazım olan nəticə əldə olunmayacaq. 
 
Texnologiya sanksiyaları getdikcə daha da sərtləşir. Rusiyanın həddindən artıq təcrid olunması, ağıllı gənc rusların kütləvi şəkildə mühacirətə getməsi, Stalin repressiyaları onun texnoloji cəhətdən geriliyini daha da artırır. Moskva Çin, Türkiyə və Mərkəzi Asiya vasitəsilə sanksiyaya məruz qalmış Qərb texnologiyalarını almaqla ən pis nəticələri yumşaltmağı bacarıb, lakin Qərb ikinci dərəcəli məhdudiyyətlərlə bu kanalları tədricən bağlayır. Rusiyanın silah ixracı çöküb, qismən ona görə ki, Rusiya Federasiyasının özünün buna ehtiyacı var, qismən də ona görə ki, Rusiya silahlarının standartlara cavab vermədiyi aşkar olub. Və nəhayət, son biabırçılıq odur ki, Rusiya paleolit dövrü yaşayan Şimali Koreyadan artilleriya mərmiləri idxal etməyə məcburdur.

Aydın düşüncəli ruslar özlərindən soruşmalıdırlar ki, onların ölkəsi öz seçimi ilə bu fəlakətli müharibəni nə qədər davam etdirə bilər.

Rusiyanın itkisi Çinin qazancıdır. Bu gün Çin Qərbin ticarətinin böyük hissəsini ələ keçirərək Moskvanın ən böyük ticarət tərəfdaşına çevrilib. O, tez-tez monopolist kimi çıxış etdiyi üçün neft və digər Rusiya mallarını gülünc ucuz qiymətə ala bilir. Rusiyada Qərb avtomobillərinin istehsalı praktiki olaraq dayandırıldıqdan sonra Çin avtomobilləri Rusiya bazarını doldurub. Ukraynada döyüşlər nə qədər çox davam edərsə, Moskva zəifləyəcək və Pekin bir o qədər güclənəcək, ona görə də ikincini bu müharibədən əsas faydalanan kimi görmək olar. Rusiya artıq bu şərəfi Çinə buraxaraq super dövlət sayıla bilməz. Rusiya Federasiyası indi onun kiçik tərəfdaşından başqa bir şey deyil. Sonda Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanı tamamilə Çindən asılı vəziyyətə salıb.

Bununla belə, Çin həddən artıq şirnikləşsə, özünü qlobal bazardan təcrid etmək riski daşıyır. ABŞ artıq Qərbin Rusiyaya qoyduğu məhdudiyyətləri pozduğuna görə onlarla Çin şirkətinə sanksiya tətbiq edib, lakin hələlik ən böyük Çin firmalarına qarşı sanksiyalar tətbiq edilməyib. Çinin Rusiya ilə ticarəti nə qədər təkmilləşsə, Qərb güclü yeni texnologiyalara çıxışını bir o qədər azaldacaq.
 
Hindistanın mövqeyi daha yöndəmsizdir. Çin Hindistanın əsas rəqibidir və onun qazancı Hindistanın itkisidir. Hindistan və Rusiyanın onilliklər ərzində yaxın dostluq münasibətləri var, ona görə də Rusiya zəifləyəndə Hindistan əziyyət çəkir. Hindistan Rusiya silahlarının əsas alıcılarından biridir və indi onların çox da güclü olmadığı ortaya çıxıb. Çin kimi Hindistan da ucuz rus neftindən və digər xammaldan faydalanır, lakin eyni dərəcədə deyil. Bundan əlavə, Hindistan Qərblə münasibətlərdə daha ehtiyatlı davranır, Çin şirkətləri kimi sanksiyaları pozmaq istəmir. Hindistan da BRİKS-in qurucularından biridir, lakin köhnə dostu Rusiyanın çox zəifləməsi və düşməni Çinin çox güclü olması ona fayda vermir. Nəticədə Hindistan obyektiv olaraq Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasında maraqlıdır, baxmayaraq ki, belə sülhün şərtləri onun üçün o qədər də vacib deyil.

Lakin Çin və Hindistan arasında ortaq maraqların müstəsna sahəsi var. Bu ölkələrin heç biri Rusiyanın nüvə silahından istifadə etməsini istəmir və onların liderləri bu barədə Putinə açıq şəkildə bildiriblər. Çin Rusiya Federasiyası ilə Şimali Koreya arasında sıx hərbi əməkdaşlıqdan narahatdır. Moskvanın İran və Şimali Koreyaya nüvə texnologiyası ilə bağlı ideya və biliklər aşıladığına dair şübhələr var. 

Ona görə də təkcə Hindistan deyil, Çin də Putinin həddi aşmadan Rusiyanın sülhü seçməsində maraqlıdır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow